Artıq Azərbaycanın bir sıra bölgələrində qar yağıb, havanın temperaturu isə kəskin şəkildə aşağı düşüb. Payızın sonlarında müşahidə olunan bu hava dəyişiklikləri qarşıdan gələn qışın necə keçəcəyi ilə bağlı suallar yaradıb. Bəs havanın indidən bu qədər soyuması qışın sərt olacağından xəbər verirmi? Erkən yağan qar qarşıdakı aylarda şaxtalı və qarlı hava şəraitinin hökm sürəcəyinə işarədirmi? Yoxsa havaların yenidən isinməsi ehtimalı da var?
"Bakupost" xəbər verir ki, eteoroloq Cavid Hüseynov bu barədə “Yeni Sabah”a açıqlamasında payız aylarında müşahidə olunan erkən qar yağışı və havanın temperaturunun kəskin aşağı düşməsi qarşıdan gələn qış fəslinin sərt keçəcəyinə dəlalət etədiyibi bildirib.
Onun sözlərinə görə, elmi baxımdan bu proseslər atmosfer fizikası və iqlim dinamikasının fərqli miqyasları ilə izah olunur. Qısamüddətli kəskin soyuqlar lokal sinoptik proseslərin nəticəsi olduğu halda, bütöv bir qış mövsümünün xarakteri qlobal okean və atmosfer dövranları ilə tənzimlənir.
Meteoroloq qeyd edib ki, atmosferin yuxarı qatlarında qərbdən şərqə doğru əsən güclü şırnaq axınları (Jet Stream) və Rossbi dalğaları bəzən cənuba doğru əyilərək Arktikadan gələn soyuq hava kütlələrinin qısa müddətə Cənubi Qafqaz regionuna daxil olmasına şərait yaradır. Bu dalğalar yenidən şimala doğru çəkildikdə isə temperatur rejimi iqlim normasına qayıdır.
C.Hüseynov Azərbaycanın relyefinin də erkən qar yağışında mühüm rol oynadığını vurğulayıb. Bildirib ki, xüsusilə Böyük və Kiçik Qafqaz dağları rütubətli hava kütlələrinin qarşısını kəsərək onların yuxarı qalxmasına səbəb olur. Nəticədə hava kütlələri soyuyur, kondensasiya prosesi sürətlənir və yüksək dağlıq ərazilərdə erkən qar örtüyü yaranır. Lakin bu hadisə bütövlükdə ölkədə qışın sərt keçəcəyini göstərmir, yalnız müəyyən yüksəkliklərə xas lokal meteoroloji prosesdir.
Havanın yenidən isinməsi ehtimalına gəlincə, meteoroloq bunun istilik ətaləti və atmosfer təzyiqinin dəyişməsi ilə birbaşa əlaqəli olduğunu bildirib.
Onun sözlərinə görə, Xəzər dənizi payızın sonlarında da yay ərzində topladığı istilik enerjisini qoruyub saxlayır. Suyun quruya nisbətən daha gec soyuması soyuq siklon cəbhəsi ərazini tərk etdikdən sonra sahilyanı və aran bölgələrində havanın temperaturunun yenidən yüksəlməsinə zəmin yaradır.
C.Hüseynov əlavə edib ki, soyuq hava axınından sonra bölgədə yüksək atmosfer təzyiqi sahəsinin – antisiklonun formalaşması da temperatur rejiminə təsir göstərir. Belə şəraitdə buludluluğun azalması və günəş radiasiyasının yer səthini qızdırması nəticəsində havanın yenidən isinməsi mümkündür.
Meteoroloq diqqətə çatdırıb ki, qışın ümumi sərtlik dərəcəsi noyabr ayında müşahidə olunan lokal hava dəyişikliklərindən deyil, Sakit okeandakı El-Nino və La-Nina fazaları, eləcə də Şimali Atlantika Ossilyasiyası kimi qlobal iqlim indekslərindən asılıdır.
Qeyd edək ki, Şimali Atlantika Ossilyasiyası Şimali Atlantik okeanı üzərindəki İslandiya alçaq təzyiq sahəsi və Azor yüksək təzyiq sahəsi arasındakı təzyiq fərqinin dəyişməsi ilə yaranan iqlim hadisəsidir.