Ru
15:47 / 30 Avqust 2021

Kəndin varlı xanımı

7781

Tofiq Hüseyn

Bu yerlərdə evin gəlirindən, var-dövlətdən danışmaq bir elə məqbul hesab edilmir, qədim inanclara görə düşər-düşməzi olar, deyirlər. Amma biz, Yazgüllə (“xanım” kəlməsindən xoşu gəlmir) ailə təsərrüfatı, təsərrüfatdan gələn gəlir barədə açıq, ətraflı danışdıq. Sifəti aran günəşinin istisindən mis rənginə çalan, öz ömrünü işə-gücə bağlayıb ailə qurmağa da bir elə tələsməyən bu kəndçi qızı sözün əsl mənasında təmizliyə, halallığa canlı nümunədir. Ailə Sabirabad rayonunun Dadaşbəyli kəndində, Kürün əlli-altımış metrliyində yaşayır. Bir həyətdə iki ev var, birində Yazgül, bacısı Yasəmən, anası Qarabirçək, digərində qardaşı Bayram öz ailəsi ilə sadə kəndli ömrü sürür. Hər iki evin təsərrüfat işlərinə, gəlirinə-çıxarına Yazgül rəhbərlik edir. Ailə üzvlərindən heç kəs indiyə kimi hər hansı bir dövlət idarəsində, ya qurumunda tərtib olunan əmək haqqı cədvəlinə imza atıb maaş almayıb, heç birinin əmək haqqı kartı da yoxdur. Heç kim iş sarıdan bir qapı belə döyməyib. Özləri qazanıblar, qazanclarından dövlətə vergi ödəyiblər, bazarlara ərzaq çıxarıblar, hətta xeyriyyəçilik tədbirlərındə də irəlidə gedənlərdən olublar.



Ailə adi kənd ailəsidir və təbii ki, kənddə torpaqdan savayı iş yeri, gəlir-ruzu mənbəyi də yoxdur. Doxsanıncı illərin sonunda torpaq islahatı aparılanda Yazgülgilin ailəsinə iki hektar pay torpağı düşüb. Kiçik həcmli torpağa göstərilən qayğı, əkin istiqamətinin dürüst müəyyən edilməsi, torpağın optimal müddətdə su, gübrə ilə təmin olunması, digər aqrotexniki tədbirlər sayəsində ailə elə ilk illərdən yaxşı məhsuldarlıq əldə edib. Belə bir vaxtda əli dövlət idarəsindən gələn maaşa öyrəşən adamlar torpaqla işləməyin çəmini tapa bilməyiblər. Müəyyən razılaşma əsasında pay torpaqlarını Yazgülə, icarəyə veriblər. Hal-hazırda Yazgülün istifadəsində 10 hektar torpaq sahəsi var.

- Kəndçi gərək, yalançı təbliğata, dedi-qoduya uymasın. Özü əvvəldən nə əkib nə götürə biləcəyini, bazarın tələbatını, əhalinin cibini, dolanışığını müəyyən edə bilsin. İl olub pambığa üstünlük vermişəm, il olub taxıla, qarğıdalıya, bostana... heç birində də uduzmamışam. Bu il ərazinin böyük hissəsində yonca becərdik. Hələlik birinci biçimdən 400 manat gəlir əldə etmişəm. Min bağ otu öz mal-qaram üçün həyətə daşımışam. Bundan sonra 3-4 dəfə də biçin olacaq. Sahələrdə bol bostan-tərəvəz məhsulları da var. Hamısı satışa gedəcək.


Muğanda əksər fermerlər su qıtlığından şikayət edirlər. Yazgül deyir ki, bu çətinlik çox vaxt süni yolla yaradılır. Buna imkan vermirəm. Mənim telefon nömrəm Mexaniki Suvarma İdarəsinin rəisinin, rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktorunun telfonunun yaddaşında var. Zəng edən kimi dərhal vəziyyətlə maraqlanır, tədbir görürlər. Bilirlər ki, mən yalandan hay-qışqırıq salan deyiləm.

Ailənin böyük təsərrüfatı var. Yazgülgil qapıda 60 baş davar, 10 baş iri buynuzlu mal-qara bəsləyir, toyuq-cücə ev quşları saxlayırlar.

- Bu yaxınlarda həyətdən iki baş ətlik cöngə satdıq; birini 1200, digərini 1400 manata, Yazgül deyir. Bacım Yasəmən hər həftə Şirvan bazarına satmağa süd, qatıq, yumurta, həyət çolpası aparır. Satışdan ailə büdcəmizə hər həftə pul gəlir. Həyətyanı təsərrüfatda tərəvəz, göy-göyərti yetışdiririk. Nar bağımız, yaxşı meyvə ağaclarımız var. Halal xoşları olsun, bağ-bağatdan qonşulara da pay veririk.


Ailə köhnə, dədə-baba, amma abad evdə yaşayır. Evdə ən yaxşı məişət əşyalarından istifadə olunur.

- Xarici maşınınız var? - soruşuram.

- Hara gedirik ki, xarici maşın da alaq. Nə qədər xərc-xəcalət tələb edir. Lap ikisini-üçünü ala bilərik. Amma o şeydən ki, istifadə etməyəcəyik, nəyə lazımdır? Köhnə “Qaz-24”-ümüz var. Təsərrüfatda əlimizdən tutur. İnanmayacaqsınız, biz həm də at-araba işlədirik. Bunlarsız kəndçinin işi keçmir.

Biz, Sabirabad rayonunun Dadaşbəyli kəndində, Kürün sahilində, axar-baxarlı bir məkanda binə quran Osamanovlar ailəsinin ailə büdcəsinin tam hesabını aparmadıq və heç bu niyyətə də düşmədik. Fakt bundan ibarətdir ki, Yazgülgilin sadə təcrübəsinə əsaslanıb bazar iqtisadiyyatı adlanan indiki zamanda heç kəsə ağız açmayıb, qapılar döyməyib ailə büdcəsi yaratmaq olar və bu, mümkündür.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər