Evə körpə gəlməsi valideynlərə sevinc gətirsə də, böyuk uşaq üçün həyatı sakit kabusa çevirə bilər. Mütəxəssislər bildirirlər ki, valideynlər çox vaxt öz sözləri və davranışları ilə bilmədən uşaqlar arasında rəqabəti alovlandırırlar.
Bakupost.az Lent.az-a istinadən bu mövzuda valideynlərə tövsiyələr barədə xəbər verir.
Böyük uşaq ailənin diqqətinin yenidoğulana yönəlməsi ilə valideyn sevgisini itirməkdən qorxur. O, özünü lazımsız hiss edir və sanki yerini “rəqib” tutub. Bu isə aqressiya və ya qapanmaya gətirib çıxarır.
Valideynlərin tipik səhvləri
Mütəxəssislər üç əsas səhvə diqqət çəkirlər:
Yalnış vədlər – uşağa qardaşın və ya bacının oyun yoldaşı olacağı deyiləndə, amma nəticədə ağlayan və aciz körpə ilə üzləşməsi məyusluq yaradır.
Müqayisələr – “Qardaşın sakitdir, amma sən onun yaşında sözə baxmırdın” kimi ifadələr böyüyün içində nifrət oyadır.
Məcburi paylaşma – oyuncaqları və ya valideyn vaxtını zorla paylaşdırmaq uşağın təhlükəsizlik hissini pozur.
Gizli qısqanclıq və nəticələri
Qısqanclıq həmişə açıq formada özünü göstərmir. Uşaq oyuncaqları atmır, amma yuxusuzluq, dırnaq yemə, çarpayı islatma kimi psixosomatik əlamətlər ortaya çıxır. 3–5 yaşlı uşaqlar tez-tez geriləmə yaşayır, geyinməyi unudur, qucağa qalxmaq istəyir. Yeniyetmələr isə kobudluq və soyuqluqla öz ağrılarını gizlədirlər.
Çıxış yolları
Mütəxəssislər böyüyə fərdi diqqət ayırmağı vacib sayır: yalnız ana ilə nağıl oxumaq və ya ata ilə dondurma gəzintisi uşaq üçün çox şey ifadə edir. Uşağın duyğularını səsləndirmək, məsələn, “Görürəm, əsəbiləşirsən ki, mən qardaşını yedirdim, səninlə oynamadım”, onun emosiyalarını normallaşdırır. Böyük uşağın körpəyə qayğı göstərməsinə şərait yaratmaq olar, amma bunu məcburiyyətə çevirməmək şərtilə.
Valideynlər böyüyə üstünlüklər hissi də verməlidirlər: gec yatmaq, yeməyi və ya cizgi filmini seçmək kimi hüquqlar “böyüklük” rolunu müsbət istiqamətə yönəldir. Ən əsası isə səbirli olmaqdır. Uşaq qısqanclığı faciə deyil, valideyn dəstəyi ilə ötüb keçən təbii mərhələdir.