İran müüharibəsilə bağlı dünya ictimaiyyətini düşündürən məsələlərdən biri də 14 günlük atəşkəs razılaşmasının ilk təşəbbüskarının kim olmasıdır. Məsələ ondadır ki, müharibə edən tərəflərdən hər biri atəşkəs üçün qarşı tərəfin yalvardığını bəyan edir. Bunu həm ABŞ Prezidenti Donald Tramp, həm də İran rəsmilərinin dilindən dəfələrlə eşitmişik.
Siyasi şərhçi Aydın Quliyev
Bakupost.az-a bildirib ki, ilk təşəbbüsün Vaşinqtondan gəldiyinə əmindir:
“Bu sual hazırda dünyanın əksər media orqanlarını düşündürür. Atəşkəsdən sonra ABŞ nümayəndələri tərəfindən İranın bunun üçün yalvardığı barədə açıqlamalar gəldi. İran tərəfindən də zarafatyana məsələyə xeyli münasibət bildirilib. Atəşkəsdən bir gün əvvəl ABŞ Trampın timsalında İranı məhv edəcəyilə bağlı od püskürürdü. Onlar əvvəlcə İranın 10 maddəlik təklifini zibilxanaya atsalar da, Tehranın bu layihədən o qədər də fərqlənməyən yeni sülh təklifinə həmin dəqiqə razılaşdı. Bu əsasda deyərdim ki, döyüşlərin dayandırılması üçün yalvarmasa da, böyük ehtimalla atəşkəsə daha çox meylli tərəf ABŞ olub”.
Həmsöhbətimizin fikrincə, Tramp İrana aprelin 8-i saat 1.00-dək son müddət qoyaraq, ölkəni cəhənnəmə döndərəcəyini vəd etməklə, əslində özünü prosesin girovuna çevirmişdi:
“Trampın hədələyici bəyanatları onun özünü İran qarşısında girova çevirmişdi. Atəşkəs olmasaydı, Trampın qarşısnda iki seçim vardı. Biri müharibənin daha intensiv şəkildə davam etdirilməsidir ki, bu Tramp üçün yaxşı perspektiv vəd etmirdi. İkincisi, atəşkəsin əldə olunmadığı halda Trampın özünün birtərəfli qaydada ona getməsi isə Amerika Prezidenti üçün daha böyük rüsvayçılıq olacaqdı. Yəni hər iki variant Trampın imicinə mənfi təsir göstərəcəkdi. Ona görə də ehtimallara əsaslanaraq deyə bilərik ki, atəşkəs təşəbbüsündə israrla ilk çıxış edən tərəf məhz ABŞ olub”.
Rüfət Sultan, BakuPost