Dünyanın bir çox ölkəsində kirayənişinlə mənzilini kirayəyə verən şəxs arasında müqavilə imzalanır. Bağlanan müqavilələrdə həm ev sahibinin, həm də kirayə götürənin üzərinə müəyyən öhdəliklər düşür. Azərbaycanda isə belə müqavilələrin bağlanması aşağı səviyyədədir. Bunun bir çox səbəbləri var. Burda müqavilə ənənəsinin formalaşmaması, gəlirlərin məhdud olması da önəmli rol oynayır. Evi kirayə götürən şəxs əlavə xərcdən yayınmaq üçün müqavilə imzalamaqdan imtina edir.
Mövzuya münasibət bildirən millət vəkili, iqtisadçı-ekspert Vüqar Bayramov Bakupost.az -a deyib ki, əmlak icarəsindən əldə edilən gəlir fiziki şəxsin qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəliri hesab edilir. Fiziki şəxsə icarə haqqını ödəyən şəxs vergi ödəyicisi kimi qeydiyyatda olduğu halda ödəmə mənbəyində 14 faiz məbləğində vergi tutmalı və bu barədə vergi orqanına rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq hesabat təqdim etməlidir:
"Mövcud qanunvericiliyə əsasən, mənzillər kirayə verilən zaman kirayə müqaviləsinin bağlanması və buna uyğun olaraq da verginin ödənilməsi tələb olunur. Bu, Vergi Məcəlləsinin tələblərindən biridir. Buna görə də mənzillər müqavilə bağlanmadan kirayə verilirsə, bu, vergi qanunvericiliyinin tələblərinin pozulması deməkdir”.
Millət vəkili qeyd edib ki, müqavilə bağlandığı halda mənzildən istifadə zamanı baş verə biləcək hər hansı bir problem, mənzilə dəyən ziyan da məhz həmin müqavilə ilə tənzimlənir:
"Eyni zamanda nəzərə almaq lazımdır ki, müqaviləsiz mənzil kirayə verilməsi, həm də vergidən yayınmaqdır. Bu baxımdan da Vergi Məcəlləsinə uyğun olaraq vergidən yayınmaqla bağlı cərimələr nəzərdə tutulub. Hesab edirəm ki, mənzillər kirayə verilən zaman müqavilələrin bağlanması məsələsində vətəndaşlar xüsusilə diqqətli olmalıdır. Həmçinin müqavilə bağlanması məsuliyyətin bölüşdürülməsi və mənzildən istifadə edən zaman gözlənilməz ziyanların qarşılığının öncədən müqavilə ilə müəyyənləşdirilməsi və aradan qaldırılmasına imkan yaradır. Beynəlxalq təcrübədə bu cür nümunə var. Belə ki, vətəndaş öz mənzilini kirayə verən zaman müqavilədə əşyaları qeyd edir, hətta təzminatla bağlı məbləğ müəyyən olunur. Əgər kirayə qalan şəxs evdən çıxan zaman əşyalara və ya mənzilə zərər vurarsa, bunun qarşılığını ödəyir. Məhz bu istiqamətdə müəyyən təkmilləşdirmələrin aparılmasına ciddi ehtiyac var. Tərəflər üçün ən doğru yol vergini vermək və müqaviləni qanuni şəkildə bağlamaqdır”.
Sevinc
BakuPost