Ötən ilin avqustunda Ukraynanın paytaxtı Kiyevdə azərbaycanlı Rəhimov Fərman və oğlu Rəhimov İsmayılın yerli sakin İvanenko Oleksandr Volodimiroviç tərəfindən güllələnməsi faktı ilə bağlı cinayət işinin hazırkı durumu, o cümlədən, hadisəni törədən şəxsin məsuliyyət əvəzinə cəbhəyə göndərilməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirilib.
Bakupost.az xəbər verir ki, bununla bağlı cinayət işini aparan Kiyev vilayəti prokurorluğunun rəhbəri Dmitro Prokudin report.az-a açıqlama verib.
D.Prokudin bildirib ki, cinayət törətmiş şəxsin cəbhəyə göndərilməsi ilə bağlı yayılan xəbərlər həqiqətə uyğun deyil.
O qeyd edib ki, şəxs hazırda istintaq təcridxanasındadır və məhkəməsi davam edir:
"Qəsdən adam öldürməyə cəhd, iki nəfərin qəsdən öldürülməsi, həmçinin silahla qanunsuz davranış ittihamı ilə bağlı Ukrayna Cinayət Məcəlləsinin 115-ci maddəsinin 2-ci hissəsinə əsasən, ittiham aktı Kiyev vilayətinin Fastov Rayon Məhkəməsinə göndərilib. Artıq hazırlıq məhkəmə iclası keçirilib və nəticədə təqsirləndirilən şəxs üçün həbs şəklində olan qətimkan tədbiri 25 yanvar 2026-cı ilə qədər uzadılıb".
D.Prokudin əlavə edib ki, ilk məhkəmə iclasında sübutların araşdırılması qaydası müəyyən edilib, xüsusilə, yazılı sübutların araşdırılması, şahidlər, zərərçəkmiş və təqsirləndirilən şəxslərin dindirilməsi təmin edilib.
"Növbəti məhkəmə iclası 22 yanvar 2026-cı il tarixinə təyin edilib. Beləliklə, cinayət işi məhkəmə baxışı mərhələsindədir, təqsirləndirilən şəxs həbsdə saxlanılır və onun guya cəbhəyə göndərilməsi barədə iddialar əsassızdır, heç bir təsdiqi yoxdur", - deyə prokuror əlavə edib.
Xatırladaq ki, 2025-ci il avqustun 31-də, gündüz saatlarında, Kiyev vilayətinin Fastiv şəhərində küçədə meyvə-tərəvəz ticarəti ilə məşğul olan Fərman Rəhimov və oğlu İsmayıla yaxınlaşan şəxs qiymətə görə mübahisə edib. Mübahisə nəticəsində İvanenko Oleksandr Volodimiroviç üzərində gəzdirdiyi silahla ata və oğula atəş açıb. Nəticədə oğul həlak olub, ata ağır yaralanıb.