Azərbaycana Çindən 8 min ədəd tabutun gətirilməsi barədə sosial şəbəkələrdə yayılmış xəbərə aydınlıq gətirilib.
Bakupost.az xəbər verir ki, Dövlət Gömrük Komitəsindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, ölkəyə 8 min ədəd taxta paltar sancağı gətirilib. Sadəcə, gömrük bəyannaməsində malın təsviri və 2 kodunda yol verilən texniki xəta səbəbindən paltar sancağı kimi yox, tabut kimi qeydə alınma olub:
"Çin Xalq Respublikasından idxal edilən “taxta paltar sancaqları” malı rəsmiləşdirilən zaman gömrük bəyannaməsində malın təsviri və XİF MN kodunun ilk 4 rəqəmi düzgün qeyd olunub, növbəti 5-ci və 6-cı rəqəm səviyyəsində isə texniki xətaya yol verilib".
Qeyd edilib ki, gömrük bəyannaməsində müvafiq düzəliş edilməklə texniki xəta aradan qaldırılıb.
Xatırladaq ki, Azərbaycana Çindən 8 min tabutun gətirilməsi ictimaiyyət arasında suallar doğurub və geniş müzakirələrə səbəb olub.