"Kontakt Home" mağazalar şəbəkəsi bu dəfə də müştəri narazılığı ilə gündəmə gəlib.
"Bakupost" xəbər verir ki, Fidan adlı vətəndaş mağazadan kreditlə aldığı iki tozsoranın qısa müddət ərzində sıradan çıxdığını iddia edib.
Vətəndaşın sözlərinə görə, məhsullardan biri - robot tozsoran iki ay sonra xarab olub. Mağazaya müraciət etdikdə servisə yönləndirilsə də, oradan da müsbət cavab ala bilməyib.
"Buradan "Kontakt Home"a səslənirəm. Biz bu əşyaları konfet kağızına almırıq. Əziyyət çəkib pul qazanırıq, aybaay kreditini ödəyərək alırıq. Bunun kreditini hələ təzə bitirmişik. Guya həm silməli, həm də süpürməlidir, amma ümumiyyətlə işləmir. Aldıqdan iki ay sonra işləmədi. Halbuki pulunu öz boğazımdan, uşağımın boğazından kəsib ödəmişəm".
Fidan aldığı digər tozsorandan da narazıdır. Onun sözlərinə görə, mağazanın məsləhəti ilə kreditə aldığı 800 manatlıq "Bosch" tozsoranı tozu çəkdikdən sonra yenidən yerə tökür.
"Bəs bunlar işimizi görməyəndən sonra niyə hər ay pul ödəməliyik? Zəng edəndə deyirlər aparın servisə. Servisə aparanda isə bildirirlər ki, bu problem zəmanətə daxil deyil.
Hələ məhsulu satanda 100 manata əlavə "qızıl zəmanət" də təklif edirsiniz. Bu, hansı məntiqə sığır? Satanda elə məhsul satın ki, heç olmasa, beş il insanın işinə yarasın. Bunun kreditini hələ bitirməmişəm, amma artıq işləmir", - deyə vətəndaş narazılığını bildirib.
Lalə, BakuPost