Putinin İranla bağlı təklif etdiyi variantda müharibənin dayandırılması, danışıqlara qayıdılması, habelə Tehranın üzərinə müəyyən öhdəliklər götürməsi məsələləri öz əksini tapa bilər.
Bunu
Bakupost.az-a açıqlamasında siyasi şərhçi, “Yeni Nəsil” Azərbaycan Jurnalistlər Birliyinin sədri Arif Əliyev Rusiya Prezidenti Vladimir Putinin İran müharibəsində vasitəçilik etmək üçün təklif etdiyi, lakin məğzi açıqlanmayan variantların nədən ibarət ola biləcəyini şərh edərkən deyib.
Ekspert bildirib ki, Putin İran ətrafında müharibənin dayandırılması üçün öz təkliflərini üstüörtülü formada səsləndirib:
“Bu mövzu ilə bağlı detallı şəkildə nəsə demək çətin olsa da, Putinin təklif etdiyi variantlar, hər halda, hərbi əməliyyatların dayandırılması və danışıqlara qayıdılmasını nəzərdə tuta bilər. Digər şərt isə, güman ki, İranın da öz üzərinə müəyyən öhdəliklər götürməsi ilə bağlı olub”.
Amma həmsöhbətimiz hesab edir ki, Ağ Ev Putinin təklif etdiyi variantlara isti yanaşmayıb:
“Amerika mətbuatının reaksiyasına görə, Putinlə telefon danışığı zamanı Donald Tramp ondan diqqəti Ukrayna məsələsinə yönəltməsini istəyib. Bu isə Vaşinqtonun İranla bağlı Kremldən gələn təkliflərə müsbət yanaşmadığını göstərir”.
Qeyd edək ki, Rusiya Prezidentinin sözçüsü Dmitri Peskovun mətbuata açıqlamasına görə, ölkə prezidenti Vladimir Putin İran müharibəsində gərginliyi azaltmağa kömək edəcək müxtəlif variantlar təklif edib. Lakin həmin təkliflərin konkret nədən ibarət olduğu barədə rəsmi açıqlama verilməyib.
Rüfət Sultan, Bakupost