Ru
15:03 / 11 Mart 2026

Azərbaycan regional mərkəzə çevrilir – Xəzərin dibi ilə kabel çəkiləcək

Azərbaycan regional mərkəzə çevrilir – Xəzərin dibi ilə kabel çəkiləcək
Eye

Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerjinin istehsalı və ötürülməsi sahəsində strateji əməkdaşlıq yeni mərhələyə qədəm qoyur. Qazaxıstan parlamentinin aşağı palatası bu istiqamətdə imzalanmış sazişin ratifikasiyasını təsdiqləyib.

Saziş regionun enerji infrastrukturunun genişləndirilməsi və yeni magistral elektrik ötürmə xətlərinin yaradılması üçün hüquqi baza formalaşdırır. Layihənin əsas elementlərindən biri isə Xəzər dənizinin dibi ilə çəkiləcək sualtı kabel vasitəsilə yaşıl enerjinin Azərbaycana nəqli və buradan Avropaya ötürülməsi olacaq.

Layihəyə əsasən, elektrik enerjisi Özbəkistan və Qazaxıstan ərazilərində istehsal olunaraq Xəzər dənizi üzərindən Azərbaycana çatdırılacaq. Daha sonra enerji Azərbaycanın mövcud və planlaşdırılan enerji infrastrukturundan istifadə edilməklə Qara dəniz enerji dəhlizinə inteqrasiya olunaraq Avropa bazarına çıxarılacaq.

Beləliklə, Azərbaycan layihədə Mərkəzi Asiya ilə Avropa arasında strateji enerji körpüsü və tranzit mərkəzi rolunu oynayacaq. Bu təşəbbüs ölkənin yaşıl enerji sahəsində regional lider kimi mövqeyini daha da gücləndirə bilər.

Müzakirələr zamanı deputat Yedil Janbırşin bildirib ki, sənəd çərçivə xarakteri daşıyır və maliyyə və digər öhdəliklərin avtomatik qəbulunu nəzərdə tutmur. Onun sözlərinə görə, konkret layihələrin həyata keçirilməsi ayrıca razılaşmalar və milli qanunvericilik çərçivəsində mərhələli şəkildə həyata keçiriləcək.

Ekspertlərin fikrincə, layihənin reallaşması həm Mərkəzi Asiya ölkələrinin bərpa olunan enerji potensialından daha səmərəli istifadə olunmasına, həm də Azərbaycanın Avropaya yaşıl enerji ixrac edən əsas enerji qovşaqlarından birinə çevrilməsinə imkan yarada bilər. Bu isə regionda enerji təhlükəsizliyinin gücləndirilməsinə və ekoloji cəhətdən təmiz enerji ticarətinin genişlənməsinə mühüm töhfə verəcək.

Lalə, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar