Krımın Feodosiya şəhərində yerləşən XV əsrə aid “Müqəddəs Arxangellər Mikayıl və Cəbrayıl kilsəsi” adlı erməni kilsəsinin bir hissəsi mart ayında qismən uçub.
Bakupost.az xəbər verir ki, bu barədə “The Insider” saytı yerli “Kafa” qəzetinə istinadən məlumat yayıb. Məlumata görə, dağıntı kilsənin şimal-qərb hissəsində baş verib.
Qeyd olunur ki, bu hadisə ilin əvvəlində baş verən başqa bir dağıntıdan sonra qeydə alınıb. Belə ki, 2026-cı ilin yanvar ayında həmin kilsənin zəng qülləsinin bir hissəsi uçmuşdu.

Yerli hakimiyyət nümayəndələrinin bildirdiyinə görə, hazırda kilsədə təcili möhkəmləndirmə və konservasiya tədbirlərinin aparılması planlaşdırılır. Bildirilir ki, bu tədbirlər tarixi abidənin əsaslı restavrasiya işlərinə qədər saxlanmasına imkan verəcək. Restavrasiya layihəsinin hazırlanmasının təxminən üç ay çəkəcəyi gözlənilir, lakin işlərin başlanma vaxtı hələ açıqlanmayıb.
Ekspertlərin sözlərinə görə, baş verən dağıntılar uzun müddət abidənin vəziyyətinə nəzarətin olmaması ilə əlaqələndirilir. Ukraynanın Krım Strateji Araşdırmalar İnstitutunun monitorinq qrupunun rəhbəri Denis Yaşnı bildirib ki, 2014-cü ildən sonra kilsənin vəziyyətinə müntəzəm monitorinq aparılmayıb. Onun sözlərinə görə, əvvəllər bu funksiyanı yerinə yetirən qurum sonradan ləğv edilib və nəticədə obyektin texniki vəziyyətinə nəzarət zəifləyib.
Cavid, BakuPost