100 min nəfər hesabı ilə adambaşına düşən məhkum sayına görə Azərbaycan dünyada orta mövqelərdə qərarlaşıb.
Azərbaycanda hər yüz minə düşən məhkum sayı 264-271 nəfər ətrafındadır (müxtəlif rəsmi və Avropa Şurasının SPACE I hesabatlarına əsasən). Amma bu göstəriciyə görə, Azərbaycan Avropa Şurası məkanında, Türkiyədən sonra, 2-ci yerdə qərarlaşıb.
Niyə AŞ-da bu sahədə mövqeyimiz yaxşı deyil?
Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev
“Bakupost”a bildirib ki, Azərbaycanda məhbus sayının əhali nisbətində yüksək olması cəza siyasəti haqqında yenidən ciddi düşünməyə əsas verir:
“Avropa Şurasının SPACE I hesabatlarına görə, 31 yanvar 2025-ci ildə ölkəmizdə ər yüz min nəfərə 270,6 məhbus düşüb. Hesabatda Avropa həbsxana sistemləri üzrə orta göstərici təxminən 110-dur”.
Ekspert mövcud fərqin diqqət tələb etdiyini desə də, onun birbaşa cinayətkarlığın səviyyəsi kimi şərh edilməsini də doğru hesab etmir:
“Sonrakı dəyişiklikləri də nəzərə almalıyıq. Ədliyyə Nazirliyinin məlumatına görə, 2025-ci ilin dekabrında olan amnistiya aktı ilə 5348 nəfər azadlıqdan məhrum edilmə cəzasından azad edilib, 3555 nəfərin isə çəkilməmiş cəzası azaldılıb. Ona görə də 2025-ci ilin yanvar göstəricisini bugünkü vəziyyət kimi təqdim etmək doğru olmaz”.
Ekspert hesab edir ki, məhkumların əhaliyə nisbətdə yüksək olmasına cavab vermək üçün cinayətlərin tərkibinə, həbsdə qalma müddətinə baxılmalıdır:
“2024-cü ildə məhkum olunanların 58 faizinə azadlıqdan məhrumolma cəzası verilib, 4568 nəfərə də azadlığın məhdudlaşdırılması cəzası tətbiq olunub. Ölkəmizdə alternativ cəzalar da işləyir”.
Müsahibimiz qeyd edir ki, burada araşdırmalı məsələ qanunun imkan verdiyi təqdirdə, onların nə dərəcədə seçilməsi məsələsidir:
“Statistikaya əsasən məhkəmələrin həddən artıq sərt davrandığını da söyləmək doğru deyil. Eyni zamanda, proses ciddi təhlillər tələb edir. Narkotiklərlə bağlı cinayətlərin çəkisinə gəldikdə, SPACE I hesabatlnda Azərbaycanda məhkumların 46,3 faizinin bu cinayətə görə cəza çəkdiyi göstərilir”.
Həmsöhbətimiz ölkəmizdə narkotik maddələrin qanunsuz dövriyyəsilə bağlı cəzaların sərt olmasına normal yanaşır:
“Çünki bu millətin gələcəyi və Azərbaycana qarşı ayrı-ayrı qonşu dövlətlərin eksponsionist siyasətinə qarşı mübarizə aparılmasının vacibliyilə bağlıdır. Bu sahədə sərt cəzaların tətbiqinin praktik əhəmiyyəti də var. Çünki bunlar mürəkkəb cinayətlərdir və mütəşəkkil cinayətkar dəstə tərəfindən edilir. Burada narkokuryeri tutmaq asan olsa da, onun təşkilatçılarını müəyyənləşdirmək o qədər də asan deyil. Keçən il ölkəmizdə narkotik maddələrin dövriyyəsilə bağlı 88 cinayətkar qrup aşkarlanıb. Burada cəzalar sərt olmasa, həmin cinayət daha da genişlənə bilər”.
Ə. Nuriyev düşünür ki, ciknayətkarlıqda müxtəlif kateqoriyalar üzrə təthlil aparılmalıdır:
“Məhz təhlillər nəticəsində yekun qənaətə gəlmək olar”.
Ekspert onu da qeyd etdi ki, ölkəmizdə istintaq müddətində həbs qətimkan tədbirinin seçilməsi də geniş yayılıb:
“Bu da ağır cinayət törədən və narkotik maddələrin qanunsuz dövriyyəsilə məşğul olan şəxslərə münasibətdə tətbiq edilir. Həbs qətimkan tədbiri seçilməsə, onlar cinayətin açılmasına maneə ola bilərlər”.
O qeyd edir ki, ölkədə humanistləşmə istiqamətində görülən işlər də nəzərə alınmalıdır:
“Cəzaların humanistləşdirilməsi istiqamətində ölkə başçısının 2016-cı il 10 fevral sərəncamı olub. Çoxsaylı əfv sərəncamları 1995-ci ildən bu günə qədər 10 mindən artıq şəxsə şamil edilib. Bütün bunlar isə 100 min nəfərə düşən məhkum sayının azaldılmasını genişləndirir. Azadlıqdan məhrumetmə cəzasını elə optimal tətbiq etmək lazımdır ki, bu ölkədə kriminogen vəziyyətin güclənməsinə səbəb olmasın, ictimai asayişin qorunmasına maneə törətməsin. Bu məsələlərdə ortaq məxrəcin tapılması çox vacibdir. Azərbaycanda bu istiqamətdə mühüm addımlar atılır və atılmaqda davam edəcək. Həmçinin, cəza siyasətinin təkmilləşdirilməsi prosesi də davam etməlidir”.
Rüfət Sultan,
BakuPost