Macarıstanda keçirilən parlament seçkilərindən sonra siyasi gərginlik artır. Ölkənin paytaxtı Budapeştdə keçirilən mətbuat konfransında “Tisa” partiyasının lideri Peter Macar vəzifədən gedən xarici işlər naziri Peter Siyarto barədə ciddi ittihamlar səsləndirib.
Bakupost.az Musavat.com-a istinadən xəbər verir ki, P.Macar bildirib ki, Szijjarto və onun yaxın əməkdaşları sanksiyalarla bağlı məxfi sənədləri məhv edirlər. Onun sözlərinə görə, bu məlumatlar nazirlik daxilindən olan “insayder mənbələrdən” əldə edilib və hazırda bir sıra dövlət qurumlarında sənədlərin sistemli şəkildə yox edildiyi barədə xəbərlər var.
“Dünən Viktor Orbanın qələbə nitqi zamanı görünməyən xarici işlər naziri Peter Siyarto bu gün saat 10:00-da Xarici İşlər Nazirliyinə gəlib və o andan etibarən yaxın çevrəsi ilə birlikdə sanksiya materialları ilə bağlı sənədləri məhv etməyə başlayıb”, deyə Macar mətbuat konfransında bildirib.
O əlavə edib ki, bu məlumatlar nazirlik daxilində onun partiyasına yardım edən məmurlar vasitəsilə əldə olunur.
“Bu, hazırda Macarıstanda baş verənlərdir. Biz artıq bir neçə gündür bilirik ki, təkcə nazirliklərdə deyil, Orban elitası ilə bağlı digər qurumlarda da sənədlərin məhv edilməsi prosesi başlayıb”, - Macar deyib.
Qeyd edək ki, seçki kampaniyası dövründə Siyarto həmçinin Rusiya XİN rəhbəri Sergey Lavrovla yaxın əlaqələrdə olmaqda və Rusiyaya qarşı tətbiq olunan sanksiyalar siyahısından şəxslərin adlarının çıxarılması məsələsində yardım göstərməkdə ittiham olunub. Macarıstan Xarici İşlər Nazirliyi isə hələlik məsələ ilə bağlı mediaya şərh verməyib.