Bakı sakini marketdən aldığı ətin keyfiyyəti ilə bağlı narazılıq edib.
Bakupost.az xəbər verir ki, sosial şəbəkədə paylaşım edən sakin bildirib ki, ət maşınından çəkdiyi ətin üzərinə soğan və göyərti əlavə etməsinə baxmayaraq, rəngi dəyişməyib və qırmızı qalıb.
Vətəndaşın sözlərinə görə, adətən tərəvəz və yaşıllıq əlavə edildikdə ətin rəngi tündləşir.
“Sonra əti buzluğa qoydum. İndi çıxardanda görürəm ki, rəngi bir az qırmızıdır. Normalda buzluqdan çıxanda ətin rəngi daha da tündləşir, üstəlik içində yaşıllıq da var. Amma niyə qırmızıdır, bizə nə əti satırlar? Qəribə və şübhəli göründü. Belə hal ilk dəfədir baş verir. Heç nə rənginə təsir etməyib”, – deyə sakin qeyd edib.
Mövzu ilə bağlı
Bakupost.az -a açıqlamasında qida eksperti İlkin Şirinov bildirib ki, içinə müxtəlif göyərtilərin qatılmasına baxmayaraq, ətin rəngini müəyyən edən, ona qırmızılıq verən əsas amil tərkibindəki miqlobin adlı zülaldır:
“Oksigen çatışmazlığı olduqda miqlobin tündləşir, oksigenlə təmasda olduqda isə ət qırmızı rəng alır. Əgər ət dondurulubsa, soyuducudan çıxardıqda oksidləşmə prosesi yenidən baş verir və ətin rəngi qırmızı olur”.
Ekspert vurğulayıb ki, ətin rənginin qırmızı olması ətin keyfiyyətsiz olduğunu göstərmir. Onun sözlərinə görə, keyfiyyəti ətin görünüşü, spesifik iyi və daşınma sənədləri ilə müəyyən etmək mümkündür:
“Ətin üzəri selikli, müxtəlif göy hissələrə malik, yapışqan və boz rəngdə olmamalıdır. Ətdən gələn spesifik qoxu var ki, onu hiss edəndə ətin köhnə və ya təzə olması bilinir. Daşınma sənədləri, baytarlıq sənədi və AQTA-nın uyğunluq sertifikatlarının olması vacibdir. Əgər ətin daşınmasında soyuq zəncirə əməl olunubsa, satışında və saxlanma şəraitində gigiyenik normalar qorunursa, ətdə problem yaranması gözlənilmir”.
İlkin Şirinov qeyd edib ki, əti növlərinə görə tanımaq da mümkündür:
“Ətin növünü yağının rəngi və qoxusu ilə tanımaq olar. Məsələn, inək ətinin yağı sarı olur. Ətin rəngi çox açıqdırsa, sanki üzərinə ağ rənglə örtük çəkilibsə, heyvanın bud hissəsi düzdürsə, bu camış ətidir. Həmçinin camış ətində bataqlıq qoxusu olur.
Bu qoxu camışın qol və bud hissəsində daha çox olur, çünki camış bataqlıqda həmin hissələrdə yatır. Bunlardan əti rəngi və iyindən tanımaq mümkündür.
Bu baxımdan, ətin rənginə görə onu növlərinə uyğun çeşidləmək olar. Amma əti soyuducuya qoyub sonra çıxardıqda əgər rəngi qırmızı olubsa, bu ətin keyfiyyətsiz olduğunu göstərmir. Dediyim kimi, rəngi verən zülalın oksidləşməsi prosesi ilə bağlıdır”.
Lalə Novruz,
BakuPost