Ru
18:39 / 24 Yanvar 2026

Maşınınıza ehtiyat hissələri alarkən diqqətli olun: köhnə və xarab detallar satılır

Maşınınıza ehtiyat hissələri alarkən diqqətli olun: köhnə və xarab detallar satılır
Eye

Son vaxtlar avtomobil bazarından narazı qayıdan alıcıların sayı artıb. Bəzi alıcılar iddia edirlər ki, “orijinal” və “təzə” adı ilə aldıqları ehtiyat hissələri qısa müddət sonra problem yaratmağa başlayır. Onların sözlərinə görə, parıldadılmış və yenidən qablaşdırılmış ikinci əl detallar yeni məhsul kimi təqdim olunur, hətta üzərinə zəmanət də verilir. Nəticədə isə alıcılar həm maddi zərərə düşür, həm də vaxt və əsəb itkisi yaşayırlar.

Bəs alıcılar avtomobil bazarında bu kimi hallarla üzləşməmək üçün nələrə diqqət etməlidirlər?

Bakupost.az xəbər verir ki, Globalinfo.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı son vaxtlar Azərbaycanda saxta və qeyri-orijinal ehtiyat hissələrinin sayının artdığını bildirib:

“Bu, sürücülərin ciddi maddi və texniki zərərlə üzləşməsinə səbəb olur. Sözügedən zərərlər avtomobilin istismar müddətində açıq şəkildə özünü göstərir. Bununla yanaşı, bir çox hallarda vətəndaşlar ehtiyat hissəsi seçərkən orijinal və keyfiyyətli məhsula üstünlük vermək əvəzinə, daha ucuz variantlara yönəlirlər. Onlar düşünürlər ki, orijinal və qeyri-orijinal ehtiyat hissələri arasında ciddi fərq yoxdur. Halbuki bu fərq yalnız qiymətdə deyil, ilk növbədə təhlükəsizlik və uzunömürlülük baxımından özünü göstərir. Təəssüf ki, bəzi sürücülər təhlükəsizliyi ikinci plana ataraq “fərqi yoxdur” prinsipi ilə daha ucuz və keyfiyyətsiz məhsullara üstünlük verirlər. Bazarda bu cür məhsulların mövcudluğu da insanları yanlış seçim etməyə təşviq edir”.



Ekspertin fikrincə, bəzi hallarda sürücülər hesab edirlər ki, ehtiyat hissəsi orijinal olmasa da olar, hətta işlənmiş variantdan da istifadə etmək mümkündür:

“Doğrudur, bəzi detalların işlənmiş variantlarından istifadə edilə bilər, lakin bu, mühüm və təhlükəsizlik baxımından vacib elementlər üçün ciddi risk yaradır. Məsələn, sükan idarəetmə mexanizmində qeyri-orijinal və ya işlənmiş hissələrin istifadəsi böyük təhlükə mənbəyidir. Eyni zamanda mühərrikin əsas detallarında, asqı sistemində, elektrik və yanacaq sisteminə aid vacib elementlərdə keyfiyyətsiz və ya qeyri-orijinal ehtiyat hissələrinin istifadəsi daha böyük fəsadlara səbəb ola bilər. Təəssüf ki, bəzi sürücülər bunu ya anlamaq istəmir, ya da avtomobili qısa müddət istifadə edib satmaq niyyəti ilə bu riskləri bilərəkdən gözardı edirlər. Bu səbəbdən ehtiyat hissəsi alarkən maksimum diqqətli olmaq vacibdir”.

Elməddin Muradlının sözlərinə görə, keyfiyyətli və orijinal ehtiyat hissəsi əldə etmək üçün rəsmi servislərə müraciət etmək tövsiyə olunur:

“Digər mağazalardan alış zamanı isə məhsulun üzərindəki barkod vasitəsilə yoxlama aparmaq, ehtiyat hissəsinin orijinal və keyfiyyətli olub-olmadığını dəqiqləşdirmək mümkündür. Bu məsələlərə diqqət yetirməklə həm təhlükəsizlik, həm də avtomobilin uzunömürlü istismarı təmin edilə bilər”.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar