Ru
00:00 / 14 May 2026

"Müstəmləkə uşağı" - Azadlıq şairi

"Müstəmləkə uşağı" -  Azadlıq şairi
Eye

Kurt Vannequt Uolter Millerə məktubunda öz müəllimindən sitat gətirib yazırdı ki, heç kim öz sənətində yüksək uğurları təkbaşına qazanmayıb, sadəcə, o, eyni cür düşünən insanların arasında daha cəld tərpənib, ya da öz fikrini daha yaxşı ifadə edib.


Kim bilir, bəlkə handa fəlsəfə professorundan daha maraqlı mühazirə oxuya biləcək neçə lal filosof var dünyada (sadəcə, düşünə bilir, danışa bilmir). Bəlkə də o bağlı dillərin altında öz səsindən yarımamış nə qədər səs sənətçisi susur, bunu bir Allah bilir...

Elə öz həyatımızdan deyək: pis-yaxşı Söz adamıyıq. Bizim kimi düşünən, ancaq yazmayan adamların hamısını ifadə eləmək bizim kimilərin boynuna düşüb.

Əlində qələm olan kəslərin işi heç vaxt asan olmayıb; hamının yerinə, hamı üçün, hamıdan çox... oxumaq, hamıdan çox düşünmək, çox yazmaq - hamıdan çox yanmaq söz adamının nəsibidir. Taledir - xoşbəxt, ya da qüssəli...

...Satirik Əziz Nesin bir türk mütəfəkkir yazıçı Peyami Safa haqqında belə demişdi: "Bu adam dayanmadan yazır, bəs nə zaman oxuyur?!"

Bu, əlbəttə, çox ciddi bir yumor idi.

Niyə ciddi?!

Çünki Peyami Safa dayanmadan - "nəfəs dərmədən" oxumasaydı, bu qədər çox yaza da bilməzdi.

Əvvəl də dediyim kimi: Ədəbiyyat - oxumağı və yazmağı bacaranların bəşəriyyətə ən qiymətli hədiyyəsidir.

Təkcə mətn oxumaqla deyil ki! Yaxşı mətn yazmaq üçün sətirlərin üstündəkini də, altındakını da, arasındakını da... oxumaq gərəkdir. Ən başlıcası isə ürəkləri oxuya bilməkdir.

Deyirlər, filan yazıçı, filan şair zamanın nəbzini tuta bilir.

Bəs necə olsun?! Tutmasın?!

Yaradıcı adamlar ictimai şüurun və toplum ovqatının həkimləridir; barmaqları həmişə cəmiyyətin nəbzinin üzərindədir. Başqa cür olmur axı...

Sən cavanlıqdan camaatın adamı olmaq istəmisənsə, cəmiyyətin ovqatının və maraqlarının tribunu, fikirlərinin "sinxron tərcümanı" roluna könüllüsənsə, yaxud iddialısansa, deməli, səsləri dinləmək, sözləri oxumaq yetmir, gözləri də oxumalısan, hələ ürəkləri də.

Hə, o başqa məsələdir ki, sən bu bilgiləri "siyasi bazarda" baha satıb, mənsəbə çatırsan, sənə olan sevgini və güvəni titullarla, şöhrətlə-filan "barter" edirsən.

Ancaq bəs adamın şöhrətə ehtiyacı yoxdursa! Öz şöhrətini də özü qazanıbsa! Üstəlik iki "Şöhrət" ordeninin birindən imtina edibsə!

...Adam var, həyatının hər anına görə hər cür suala verəcək cavabları olur. Bu cavablar, ya da onun bir qismi kimlərisə qane etməsə belə.

Elə suallar da var, əslində elə cavabsız gözəldir.

Hamının bildiyi cavabın sualı kimin üçün maraqlıdır?!

Hə, kiminsə marağındadırsa, o başqa məsələ.

Müstəqil dövlətin qurucu vətəndaşlarının həyatını sorğulamaq üçün çox sualım yoxdur. Bəlkə də ona görə ki, onların həyatının çox önəmli hissəsi, ya da elə hamısı hamının gözləri qarşısında axıb, keçib. Biz xalq olaraq meydanlarda yenidən doğulduq, yenidən addım atdıq, yenidən dil açdıq.

Dünyaya birinci dəfə atalarımızın belindən, analarımızın bətnindən gəlmişdik. Ancaq dünyaya gəlmək hələ meydana gəlmək deyildi!

O baş Meydana gəlmək heç deyildi!

Biz hər gün Meydana gəldik və orda böyüdük. Bizi Meydan "doğdu" və böyütdü. Hərçənd Meydanda "ölü doğulanlar" da vardı, "doğulub tələf olanlar" da.

Salamat doğulub, sağ qalanlar isə daha çoxdu.

Eləsi vardı, olduğundan böyük göründü o Meydanda, eləsi vardı, hələ Meydana qədər böyük idi, gözə balaca dəyirdi; gəldi, göründüyü qədər və daha çox böyük oldu. Ancaq Meydan kürsüsündə ağzını açıb, "böyüklənə-böyüklənə" balacalaşanlar, kiçilib bükülüb dilinin kökünə yapışanlar da az olmadı. Allah adamı əldən-dildən salanda, əvvəlcə əldən salsın, dildən deyil...

Çox adam o Meydanda, ya da o Meydandan sonra öz dilinin ucunda (dilinin ucundan) öldü.

Xoşbəxtlər dildən-dilə düşdü, bədbəxtlər dilə-dişə düşdü - bunlar eyni şey deyil.

Ancaq öz təbii "tavan"nı, həmişəki "həcm"ini - öz şəxsiyyətinin Meydanaqədərki miqyasını, canındakı cövhəri qoruyub saxlayanlar da çoxdur.

Açıq etiraf edək: post Meydan dövrü - Meydan ərəfəsindən və Meydan mərhələsindən heç də asan olmadı. Bir zaman Meydanda millətin "göbəyini kəsənlər" arasında eləsi də var, "başkəsənlər"ə baş əydi. Başına bir güllə vuracağını demişdi, hələ də həmin baş həminki çiyinlərdədir.

Həm də o, tək deyil.

Nə yazıq ki!

Amma və lakin.

Meydan öz Meydanlığını qorudu - həm tarixdə, həm də fikri qavrayışın real vaxt axarında.

Əslində bu an - bu ovqatda kimsə məndən harda doğulduğumu soruşsa, bəlkə də deyərəm: "Azadlıq" meydanında.

Ayrı-ayrılıqda hərəmiz bir eldə, bir evdə dünyaya göz açmışıq, ancaq gözümüz Meydanda açılıb.

...Bizim də ömrümüz Kim Haqinin "Müstəmləkə uşağı" kimiydi.

Koreyanın taleyi Azərbaycana necə oxşayır, ilahi! Elə bir oxşarlığımız ikiyə bölünmüş olmaq, o biri işğal olunmaq və sair.

Yapon istilası dövründə doğulan Koreyalı uşaqların hətta öz milli adları ilə adlanmağa da ixtiyarı yox idi, nəinki öz dilində danışmağa. İşğal rejimi Koreyalı müstəmləkə uşaqlarına yapon adları qoyurdu.

Ancaq o uşaqlar gizlincə Koreya dilində kitablar oxudular. Haqinin yeniyetmə qəhrəmanı Doqqyonq məhz doğma Koreya şairlərinin şeirlərini gizlincə oxuyub, yapon istilasına qarşı mübarizə ruhuna köklənmişdi. Romanda onun dayısı ilə dialoqu çox maraqlıdır: Cosonlu (Koreyalı) yeniyetmə dayısından Kim Yonq Ranqın şeirini dinlədikdən sonra öz heyrətini belə dilə gətirir: "Heç bilməzdim dilimiz bu qədər gözəldir".

Bu, çox ağrılı bir qürurun ifadəsidir: yadelli-yaddilli işğal rejimi Cosonlu yeni nəsildən onun öz ana dilini gizlətmişdi; məktəblərdə təhsil yaponcaya köklənmişdi.

Bax, həmin dəhşətli illərdə bir Cosonlu cavan deyir: "Şeirlərimiz əzbərlənirsə, demək, milli ruhumuz hələ də sağdır".

Beləcə, doğma Cosonlu şairləri gizli-gizli əzbərləyən nəsil yetişdi. Və... Bir gün o şeirlərin ruhlandırdığı "müstəmləkə uşaqları" ayağa qalxıb öz xalqının Meydanına axışdı, təpədən-dırnağa silahlanmış yapon işğal ordusuna qalib gəldi.

Kim Haqinin romanında olduğu kimi, Azərbaycanlı yeniyetmələr də, cavanlar da (bütövlükdə xalq!) öz şairlərinin azadlıq havası aşılayan, milli ruhu qanadlandıran poeziyasını oxuyub Meydana axmışdı. Elə Məmməd Arazın, Xəlil Rzanın şeirlərini xatırlatmaq da bəs edərdi.

Sabir Rüstəmxanlının şeirləri də özündən öncə Meydandaydı. Axının önündə gedirdi. Azərbaycan Ədəbiyyatı həmin o Meydanda Azərbaycanın özünü çoxdan qabaqlamışdı; əsl Poeziya, əsl nəsr Sovet İttifaqından daha tez "ayağa qalxıb" öz müstəqiliyini bəyan etmişdi. Öz azadlıq bayrağını ölkəsindən də əvvəl qaldırmış ədəbi Ədəbi Azadlıq Hərəkatında, məsələn, Seyran Səxavətin "Girəvə" şeiri, "Qızıl teşt" povesti və sair var idi. Eləcə də, Sabir Rüstəmxanlının azad ruhlu şeirləri...

...88-in payızıdır. Özümün görmə və eşitmə orqanlarımın şahidiyəm: adam cavan yaşında o milyon nəfərlik Meydana öz şöhrətini götürüb gəlmişdi. Meydana qədər artıq qazana bildiyi şöhrətini.

Onda Meydanın adı hələ "Azadlıq" deyildi.

Əvvəlcə meydanın özünü AZADLIĞA ÇIXARMAQ lazım gəlmişdi.

Şair orda kürsüyə çıxanda hələ bilinmirdi, proseslər hara gedəcək, haracan gedəcək. Hələ bilinmirdi, kim öləcək, kim qalacaq, kim diri-zarıncı qalacaq.

Bəli, Meydana gələndə, artıq, dediyim kimi, tanınırdı, oxunurdu, sevilirdi.

Yox, Şair ora öz xətrinə gəlməmişdi, xalqının xətrinə gəlmişdi. Milyonlar üçün Meydan hər şeydən əvvəl insanların bir-birinə olan sevgisinin ətrini bütün qammaları ilə yaymaqdı. Kiçik istisnalarla, hər kəs Meydana sevilmək üçün deyil, sevmək üçün gəlmişdi. Sevən də ki sevilir, bilirsiniz.

Meydana çıxanda onsuz da ictimai həyatda 43 yaşlı bir şair üçün yetərincə yüksək olan mövqeyə artıq çoxdan çatmışdı: əməlli-başlı vəzifəsi, karyerası, işi-gücü, özünə görə imtiyazları vardı.

Bir zavod fəhləsinin çəkicindən başqa itirəcəyi heç nəyi olmasa da, Şairin itirə biləcəyi çox şeyi vardı. Ancaq o ÇOX ŞEY millətin Meydanına - Azadlıq davasına verildi.

Bu dava indi bəzi adamların bəzi məqamlarda apardığı "yorğan davası"deyildi, Torpaq davası idi. Qarabağ davası, bütövlükdə Azərbaycan davası idi.

Bax, elə o illərdə gerçəkdən böyük aydınımızın - Aydın Məmmədovun parlament kürsüsündən dediyi bir fraza yaddaşlara qazındı: "Qarabağ məsələsi yoxdur, Azərbaycan məsələsi var".

Bu boyda ağır MƏSƏLƏnin bir tərəfindən də Şair tutmuşdu axı. Bunu danmaq istəsəm belə, dana bilmərəm. Mən unutsam belə, tarix unutmaz. Bir də axı o Meydandakıların heç də hamısı dünyadan köçüb getməyib! Yüz minlərlə canlı şahid var. Əgər milyonlarla deyilsə...

Bəli, çiynini Azərbaycan boyda ağırlığın altına verəndə, Şairin Allahdan ömür payı hələ heç yarı olmamışdı; hələ yarıdan çoxu irəlidəydi.

Bir çoxları, elə yaradıcı adamların da bir qismi irəlidəki rahatlığını qorumaq üçün milli hərəkatdan geri dururdu. Həmin adamlar o zamankı hakim ierarxiyada irəli çəkilmək üçün özü geri çəkiləndə, Şairin həm özü, həm Sözü millətin önünə düşmüşdü - lokomotiv kimi çəkib ardınca aparırdı.

Ad-san, şan-şöhrət ona göydən düşməmişdi: heç də hamar olmayan Hamarkənddə - yüksək dağlıq obada doğulsa da, addımladığı sənət və siyasət yolu da hamar olmadı.

Onun kürəyində bir qüdrətli əl, köməyində bir hökmlü telefon, söykəyində bir klan-filan yox idi. El-obası Yardımlı olsa da, özü dediymiz mənada yardımsızdı: O qarışıq-bulanıq tarixi keçid yolunda yürüyən yazıçı Allahından, Xalqından və Sözündən başqa kimə arxalanacaqdı ki?! Bu sınaqlar silsiləsini keçərkən - həyatda da, Sənətdə də Söz adamı hər şeyi dişi ilə, dırnağı ilə, qələmi-kağızı ilə əldə edəcəkdi. Başqa nə edəcəkdi ki?!

Bəli, Sabir Rüstəmxanlı özünün və Sözünün gücünə tanınmış publisist oldu, şair oldu, naşir oldu, nasir oldu, nazir oldu. Ancaq heç vaxt HAZIRIN NAZİRİ olmadı.

Getdiyi hər yerdə onu uçulub-dağılmış, sökülüb-tökülmüş, yenidən tikilib-qurulmağa, yenidən dirçəlib canlanmağa umacaqlı viranələr gözləyirdi. Gedib dirçəltdi, qaldırdı, ayaq üstə qoydu.

Yox yerdən azad bir qəzet yaratdı, çıxardı ortaya. Oxutdu, sevdirdi...

İlk müstəqil demokratik respublikamızın - Xalq Cümhuriyyətinin orqanı olan "Azərbaycan" qəzetini yenidən cana gətirdi. Keçən əsrin əvvəlində Üzeyir Hacıbəyli kimi miqyaslı şəxsiyyətin çıxardığı qəzetin adı ilə əsrin sonunda yeni bir qəzet açmağın özü ayrı cəsarət idi.

Doğrudanmı, yaddan çıxara bilərik bunu?!

Xeyr!

Mən kimsəni ideallaşdırmaq niyyətində deyiləm. Ən azı ona görə: bu günahlarla dolu dünyada ideal heç kimsə yoxdur və olmayacaq da. Ancaq qüsurları qabardıb, uğurları gizlətməyin də doğru olmadığını düşünürəm.

Bilmirəm, bəlkə elə bir doğru var, yüz dənə yanlışı pozar. Həm də o bir doğru hamılıqla alqışlanmış doğrudursa (söhbət milli davadan gedirsə). Ya da bəlkə əksinə: bu boyda Doğrunun adamı sonrakı yanlışlara niyə yelkən açsın ki?! Bu suallar əslində həm də özləri özlərinin cavablarıdır.

Başqa bir doğru da var: cəmiyyətdə Sabir Rüstəmxanlının çox dəyişdiyini, hətta az qala əvvəl olduğunun əksinə bir ictimai platformaya keçdiyini iddia edənlər də var.

Sözün açığı, Tarix (elə Ədəbiyyat tarixinin özü də) bu cür dilemmanın oxşarları ilə doludur. Məsələn, əfsanəvi deyə biləcəyimiz Marsel Prust da bir gün demişdi: "Mən əvvəlki kimi deyiləm, deməli, həmin insan artıq yoxdur? İndi mən başqasıyam?!"

Sabir Rüstəmxanlı da əvvəlki adamdırmı, ya da artıq, Prustun dediyi mənada başqasıdırmı?! Bu sualın ən doğru cavabını Şairin özü bilir (ola bilsin, "İtirilmiş zamanın axtarışında" adlı şedevrin müəllifi kimi, "Ömür kitabı"nın yazarı da özünü bu prizmadan sorğulayıb).

Amma mən özümüzdən - hər kəsdən soruşa bilərəm: bu 30-40 ildə kim dəyişməyib ki?! Əgər biz dəyişməmişiksə, o Meydan hara qeyb oldu?!

Düşünürəm: subyektiv mülahizələr üzərindən deyil, məntiqli müqayisələr üzərindən yürümək doğru olardı. Mən də bu sətirləri havadan yazmıram: ordan-burdan eşitdiyimi, ya da hardansa oxuduğumu demirəm ki. Son 30-40 ilin ictimai prosesləri gözlərimin qarşısında olub-bitib, həyatımdan - ürəyimin içindən keçib.

Bəli, bu, keçmişdir, ancaq keçib getmiş deyil. Tarixdir, ancaq yaxın tarixdir; saxtalaşdırılacaq qədər uzaq deyil. Hələ bizdən - keçmiş müstəmləkə uşaqlarından uzaqda deyil.

...Sabir Rüstəmxanlı bir neçə çağırış deputat olub. Ancaq, gəlin, ən azı hərəmiz özümüzə etiraf edək: parlamentə gerçəkdən səs alıb seçilən iki nəfər varsa, onun biri mütləq Sabir Rüstəmxanlı olurdu. Elə deyilmi?!

Bu ki danılmaz faktdır.

Bir də axı adam bu dövlətin qurucu vətəndaşlarından biridir. Müstəqillik uğrunda Meydanlarda apardığı davanı parlamentə daşıyıb, İstiqlal Bəyannaməsinə, Müstəqillik Aktına çevirə bilən - yerli kompodor kommunist hakimiyyəti devirən, müstəmləkə siyasətinin çarxını çevirən adamlardan olub. Yəni dövlətin qurucu vətəndaşı öz qurduğu dövlətin seçici vətəndaşlarından bir "quruca" mandat da ala bilməyəcəkdi?!

Tarixin, talenin əlli milyonluq xalq üçün, milli ideallar üçün seçdiyi adamların əlli min nəfərlik bir dairədən seçilməsi nə müşkül məsələdir ki?!

İmperiya tanklarının önünə çıxa bilən şairin adı ucqar bir kənd rayonunda səsvermə qutusundan çıxmayacaqdı ki?!

Bəli, arxasında ailəsindən özgə kimsə yoxdu, amma gəldi, milləti arxasına alıb, istiqlala çatdıran kişilərdən oldu. Cavan yaşında ağsaqqal məqamına, liderlik mərtəbəsinə qalxa bildi. Bunu ki hamı görüb, hər kəs bilir.

Şübhəsiz, Sabir Rüstəmxanlıya ünvanlanan tənqidlər də var, iradlar da var, ara-sıra giley-güzar da olur. Bunlar da var, bəli. Ancaq bütün bunlar Sabir Rüstəmxanlıdan umanların çoxluğundan gəlir. İnsanlar isə hər zaman uman yerdən küsüblər. Mayasında mərəz, məramında qərəz olmayan istənilən tənqid nəinki zərərlidir, əksinə faydalıdır. Kişinin dostu da olar, düşməni də. O halda tənqidçinin olmasından təbii nə var?! Adam tənqidçilik edir də, düşmənçilik etmir ki...

"Düşmən" sözü burda da klassik anlamda deyil, əlbəttə. Mənimlə, fikrimlə razı olmayan mənim düşmənim deyil. Əgər, doğrudan da, öz düşüncəsində mənim düşmənim deyilsə...

Yenə də unudulmaz Aydın Məmmədovun özündən də məşhur bir kəlamına üz tuturam: "Xalq istəyir, sevdiyi adam həmişə gözünün qabağında olsun; fərqi yoxdur - tribunada, yoxsa dar ağacında. Bu da eyni taxta parçalarından istəyəndə tribuna, istəyəndə dar ağacı düzəltmək istəyən adamların işini asanlaşdırır".

Sabir Rüstəmxanlının da taleyi belə gətirib - tribuna da görüb, "dar ağacı" da. Eyni taxta parçaları ilə işləyən hiyləgər "siyasi dülgərlər" də ki nə çox!

Mənim yadımdadır: 1991-ci il avqustun 23-də respublikanın o zamankı rəhbəri Ayaz Mütəllibovun əmri ilə polis və təhlükəsizlik orqanları milli hərəkatın qərargahına hücum edəndə Əbülfəz Elçibəylə yanaşı Sabir Rüstəmxanlıya da xəsarət yetirilmişdi. İkisini də başından vurmuşdular. Mübarizənin başında gedənlərin həmişə başından zərbə almağı var, bunu hər kəs bilir (görə-görə gəlib bu millət).

O zaman - o milli davada başından zərbə alanların hər biri öz həyatının da, milli hərəkatın da baş qəhrəmanları oldular.

Həmin məşhur, məşum gündə misli görünməmiş vəhşəti törədənlər uduzmağa məhkumdu: cəmi bir həftə sonra Azərbaycan Ali Soveti İstiqlal bəyannaməsini qəbul etməyə məcbur oldu.

Bilmirəm, indi Sabir Rüstəmxanlı yeni nə yazır. Amma o danılmazdır ki, o və onun kimi istiqlal davasının önündə olmuş söz və fikir adamlarının heç biri heç vaxt "Azərbaycan Respublikası" adlı möhtəşəm əsərdən daha güclü heç nə yaza bilməz. Milli hərəkatda olmuş, millətin azadlığına görə meydanlardan keçmiş hər kəs bu ƏSƏRin həmmüəllifləridir.

Bir haşiyə çıxıram: mən yeri gəldikcə, bu haqda yazıram: Sovet İttifaqı dağıldıqdan sonra bir sıra postsovet respublikalarında, keşmiş sosialist düşərgəsinin ölkələrində hardasa DTX arxivləri açıldı, Sovet agentləri müstəqil dövlətin siyasi sistemindən uzaqlaşdırıldı; keçmiş kommunistlərə siyasi vəzifə tutmaq qadağan olundu (məsələn, Çexiyada). Bəzi ölkələrdə istiqlalçı liderlərə, deputatlara ömürlük dövlət təminatları, immunitetlər, imtiyazlar verildi.

Bu baxımdan, mənə qalsa, Azərbaycandakı istiqlalçı deputatlara "Milli Qəhrəman" adı düşür. Misal üçün, ölkənin istiqlalında tarixi xidmətləri olan Tofiq Qasımova əslində heykəl qoymaq lazımdır, amma adamın öz doğma vətənində bir məzarı belə yoxdur.

Doğrudur, istiqlalçı deputatların hamısı bu şərəfi qoruya bilmədi; sonradan yolunu azanlar da vardı. İllah da Rusiya kəşfiyyatının düzüb-qoşduğu hərbi qiyamı, dövlət çevrilişini dəstəkləməklə millətinə xain çıxanlar da oldu o deputatların arasında (dünənki bir ortabab tarix müəllimi bu gün multimilyoner oliqarxa çevrilib - millətin əlləri üstündə gəzdirdiyi keçmiş xalq qəhrəmanını bu gün öz villasındakı bağbanı soyur. Dünən ona biət edirdilər, bu gün o qarət edilir)...

Nə isə. Bu, başqa, geniş müzakirənin mövzusudur.

Söhbət Sabir Rüstəmxanlının milli davasından gedir. Yazı boyu sadaladığım faktlar hələ onun mübarizə yolunun az bir hissəsinə işıq salır.

Bunlar aydın sübutlardır: adam bir əli ilə öz millətinin tarixini yaradırdı, o biri əli ilə bu tarixi yazırdı. Təkcə elə "Ömür kitabı"nı vərəqləmək də yetərli olardı. Ancaq Sabir Rüstəmxanlının "Ömür kitabı"ndan əvvəl də, sonra ömrünün cövhəri ilə, ürəyinin təpəri ilə ruhunun işığında yazdığı xeyli başqa əsərləri də cəmiyyət və mədəniyyət tariximizin "yuxarı başında" çoxdan öz yerini alıb.

Hərçənd Sabir Rüstəmxanlının sırf şair kimi, nasir kimi yaradıcılığını ayrıca, geniş təhlil etmək niyyətim yoxdur. Çünki ədəbi tənqidçi deyiləm, ədəbiyyat bilicisi deyiləm, mən sıradan bir oxucuyam. Sabir Rüstəmxanlının ədəbi irsini məndən qat-qat yaxşı təhlil edə bilənlər çoxdur. Yazdıqlarının hamısını olmasa da, çoxunu oxumuşam. Bundan sonra nə yazacaq, bilmirəm.

Sadəcə, bir gerçəyi deyim: Sabir Rüstəmxanlı həm ədəbi yaradıcılığında, həm millət qoruyuculuğunda, həm dövlət quruculuğunda tək olmayıb. Öz ömür kitabını, Kurt Vonnequtun dediyi kimi, "hamı ilə birlikdə"... təkbaşına yazıb. Özü özünü yarada bilib.

Bugünkü Sabir Rüstəmxanlı dünəndən bugünə Sabir Rüstəmxanlının şah əsəridir.

Bilirsiniz, yaradıcı sənətdə, ictimai seqmentdə sözünü demiş ola bilərsən. Dediyim kimi, deputat da olarsan, naşir də, şair də, nasir də, lap elə nazir də ola bilərsən. Amma nadir olmaq - sənət eşqi ilə dövlət işini bir arada yürüdə bilmək elə-belə gəlməsin...

Bu yaxınlarda tanınmış, usta rejissor Ramiz Həsənoğlu kövrək bir paylaşım etmişdi: "Səksənə-səksənə gəlib çatdım səksənə".

Bu, əlbəttə, yumorlu bir status idi; o cür filmlər çəkən, cəsur tamaşalar quran, öz sənəti ilə sözünü deməkdən qorxmamış bir adam qocalıqdan qorxası deyil ki! Fatehləri "divana çəkən" sənətkar, inanmıram, haqqın divanından çəkinsin və bioloji sayğacın səsindən səksənsin. Sabir Rüstəmxanlının da səksənə qədər səksəndiyini şəxsən görməmişəm.

Yaradıcı insan nədən səksənə bilər, deyim. Hələ yazmadığı şeirinə, hələ çəkmədiyi filminə, hələ bəstələyə bilmədiyi operasına, hələ çap etdirə bilmədiyi kitabına... vaxt çatdıra bilməməkdən, bəli, ehtiyatlanar, üzülər. Tanrıdan buna görə möhlət umar. Bu, ayrı məsələ.

Bu yaz səksən yaşına çatmış Seyran Səxavətdən, Ramiz Həsənoğludan, bir neçə həftədən sonra səkkizinci onluğu da tamamlayacaq Sabir Rüstəmxanlıdan, bir neçə aydan sonra səksəni doldurub, doxsana doğru yol alacaq Ramiz Rövşəndən aşağı-yuxarı düz on doqquz yaş geridəyəm. Ancaq bu yaşımda belə mən özüm də hərdən yaradıcılıq mənasında "səksənirəm": xeyli yarımçıq yazılarım, ürəyimdə deyilməmiş sözlərim var. O üzdən Sabir Rüstəmxanlıya və öz halal səksəninə çatmış bütün yaradıcı adamlara Allahdan daha uzun zaman fürsəti diləyirəm.

Dediyim kimi, Sabir Rüstəmxanlı həmişə öndə - siyasətdədir, rəyasətdədir; sözü kəsərli, fikri keçərli olub. Ondan özüm üçün hansısa umacağım yoxdur, indiyədək heç bir şəxsi xahişim olmayıb. Ancaq indi birinci dəfə cəmi bircə xahiş edəcəm: Şair, bu dünyada mümkün olduğu qədər yox, hətta mümkün olduğundan da... çox yaşayın, çox yazıb-yaradın. Biz də çox oxuyub, çox yaşayaq...

Bir oxucu daha bundan çox nə istəyə bilər ki?!

Bahəddin Həzi,
Yazıçı-publisist, əməkdar jurnalist

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar