Ru
22:55 / 20 Noyabr 2025

Mədəniyyət Nazirliyinin rəsmisi efirdə susduruldu: Qurum nə üçün hədəf alınır?

Mədəniyyət Nazirliyinin rəsmisi efirdə susduruldu: Qurum nə üçün hədəf alınır?
Eye

6 ay öncə Almaxanım Əhmədova, Şəhriyar Musayev, Təranə Mahmudova da daxil olmaqla 20 nəfərdən ibarət sənət nümayəndələri Mədəniyyət Nazirliyinə dəvət edilib. Onlardan şikayətləri ilə bağlı izahatları alınıb, daxili nəzarət şöbəsinə təqdim olunub. Araşdırma aparılıb. Ancaq "keçirilən tədbirlər üçün tərtib olunan siyahılar şəxsi tanışlığa əsaslanır" kimi deyilənlərlə bağlı fakt olmadığı üçün qarşı tərəfin şərəf və ləyaqətinə toxunmaq hüququmuz yoxdur.


Bakupost.az xəbər verir ki, bunu Baku TV-nin "Aktual Gündəm" verilişində qonaq olan Mədəniyyət Nazirliyinin Media və Kommunikasiya Şöbəsinin müdiri Aynur Kərimova deyib.


O, Mədəniyyət Nazirliyinin hədəf seçilməsinin qərəzli olduğuna işarə edib:

"Narazılıqlar 2004-2022-ci illəri əhatə edir. Birinci biz müzakirə edilən məsələləri özümüz üçün dəqiqləşdirməliyik. Təəssüf edirəm ki, son günlər Mədəniyyət Nazirliyi bu mövzu ilə hədəfdədir. Başa da düşə bilmirəm ki nə üçün? İlk dəfə olaraq Azərbaycan mədəniyyətinin daşıyıcısı olan dili mədəniyyət faktoru kimi gətirib. İlk dəfə nazirliyin "koridor"larında rəhbərlikdən tutmuş hər kəsdə təmiz, kristal Azərbaycan dilində nitq eşidilir".

Qurum rəsmisinin çıxışını verilişin aparıcısı Elçin Əlibəyli kəsərək, Aynur Kərimovaya "ona görə koridor dediniz?",- sualını ünvanlayıb. Qurum rəsmisi bundan sonra "dəhlizlərində", - deyə düzəliş edib.

Elçin Əlibəyli isə bundan sonra Aynur Kərimovanın "Mədəniyyət Nazirliyi nə üçün hədəf alınır" sualına aydınlıq gətirib:

"Bax elə oradan başlayaq. Nazirliyin öz saytında Azərbaycan dili ilə bağlı nə qədər problemlər var. BDU-da dərs demisiniz, tələbələrinizə kommunikasiya məsələlərini tədris eləmisiniz. Amma sizin özünüzün kommunikasiya ilə bağlı problemləriniz var. İstənilən dövlət qurumunu eksperiment edə bilərik. Müdafiə Nazirliyi, DİN, Baş Prokurorluq, DTX və s. mətbuat xidməti ilə əlaqə saxladıqda geridönüş edəcəklər. Amma dəfələrlə Mədəniyyət Nazirliyi ilə bağlı mövzularımız olub, Aynur xanım, sizin şəxsən özünüzlə əlaqəyə girmək mümkün olmayıb. Bu dəqiqə Mədəniyyət Nazirliyinin çox ciddi kommunikasiya problemi var. Sosial mediayla da çox zəif işləyirsiniz. Ona görə də insanların nazirliklə bağlı problemini sosial mediadan bəyan etməyə haqqı çatır".

Asena,
BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar