Milli Məclisin bu gün keçirilən iclasında İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” qanun layihəsini (birinci oxunuş) təqdim edib.
Bakupost.az Musavat.com-a istinadla xəbər verir ki, o, layihədə əhalinin sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləğinin artırıldığını bildirib:
“Belə ki, 2026-cı il üçün yaşayış minimumunun məbləği ölkə üzrə 285 manatdan 300 manata, əmək qabiliyyətli əhali üçün 305 manatdan 317 manata, pensiyaçılar üçün 232 manatdan 245 manata, uşaqlar üçün 246 manatdan 260 manata yüksəldilir”. Komitə sədri qeyd edib ki, yaşayış minimumunun artım məbləğləri gələn il üçün proqnozlaşdırılan inflyasiyanın səviyyəsini üstələyir.
Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məsələyə dair bu komitənin müsbət rəy verdiyini diqqətə çatdırıb.
Müzakirələrdə çıxış edən deputat Vüqar Bayramovun fikirləri dinlənildikdən sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Sonra parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Azərbaycan Respublikasında 2026-cı il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsi (birinci oxunuş) barədə məlumat verib. O, gələn il üçün ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə müəyyən olunan ehtiyac meyarının həddinin 5,3% artırılaraq 300 manata çatdırıldığını bildirib. Komitə sədri qeyd edib ki, ünvanlı sosial yardımın təyin olunması üçün ehtiyac meyarının artırılması gələn il aztəminatlı ailələrin daha etibarlı sosial müdafiəsi üçün əsaslar yaradacaq.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov məsələ barədə bu komitənin rəyini səsləndirdikdən sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.
İclasa yekun vuran Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, gündəlikdəki məsələlərin müzakirəsi noyabrın 21-də davam etdiriləcək.