Ru
15:38 / 27 Yanvar 2026

“Mehriban Ələkbərzadəni uzaqlaşdırmaq üçün bütün sistemi dağıtdılar” – Nazirliyin qərarının pərdəarxası

“Mehriban Ələkbərzadəni uzaqlaşdırmaq üçün bütün sistemi dağıtdılar” – Nazirliyin qərarının pərdəarxası
Eye

Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyi dövlət teatrlarının yeni əsasnamələrini, struktur və ştat cədvəllərini təsdiqlədi. Qərar nəticəsində dövlət teatrlarında bədii rəhbər, baş rejissor, baş rəssam və digər buna bənzər vəzifələr ləğv edildi. Onların əvəzində isə Yaradıcılıq, Tərtibat, Maliyyə və Marketinq əsaslı şöbələr yaradıldı.

Bu qərar illərdir davam edən bir sistemin ləğvi oldu. Bakupost.az bu qərara münasibət almaq, edilən dəyişikliklərin hansı nəticələrə səbəb olacağını öyrənmək məqsədilə teatrşünas jurnalist, illərini və qələmini teatra həsr etmiş Gülcahan Mirməmmədlidən müsahibə götürdü. Həmin söhbəti təqdim edirik.


– Gülcahan xanım, nazirliyin məlum qərarının teatrlara hansı xeyri və ziyanı olacaq?

– Teatrı bir az qəliz orqanizmdir. Bu bütün dünyada belədir. Bundan heç kim inciməsin. Aktyorlar hərdən həyatda da oynayırlar deyə, ona görə teatrda həmişə intriqa olur, daim bir-birlərinin paxıllığını çəkirlər. Yəni Azərbaycan teatrında tarix boyu da belə olub, olacaq da. Şəxsən mənim nəzərimdə bədii rəhbər və ya baş rejissor teatrın kompasıdır. Və indi təsəvvür eləyin ki, teatr bir gəmidir, yola düşüb və onun kapitanı onun kompasını itirib. Nə olacaq? Kompassız yol gedən gəmi hara gedəcək? Ya aysberqə çırpılacaq, ya da istiqamətini dəyişəcək. Bilirsiniz, nə vaxtı yaxşı olardı? O vaxt yaxşı olardı ki, o orqanizmin bütün orqanları çox yaxşı işləyərdi. Sağlam rəqabət olardı. Təəssüf ki, bu gün Azərbaycan teatrının harasa qastrola getməsi, hansısa görkəmli, festivalda iştirak etməsi yadıma gəlmir.

Əgər yaxşı baş rejissor və ya bu vəzifəyə layiq olan sənətkar yoxdursa, bu da sistemin günahıdır. Sistem yetişdirməli idi, buna şərait yaradılmalı idi. Ya xaricdə oxutdurmalı və ya daha bacarıqlı, daha ədalətli insanlar seçilməli idi. Teatrın içində böyüyən adamlar olmalı idi.


– Sizcə, bu baş rejissor və baş rəssam ştatının ləğv edilməsi bu intriqaları səngidəcək?

– Yox, intriqaları səngitməyəcək. Yəni sadəcə hər şey gələcək direktorun yaradıcılıq repertuarından asılı olacaq. Bizdə ümumiyyətlə, teatrlar direktor simalıdır. Məsələn, Moskva Satira Teatrının azərbaycanlı direktoru Məmmədəli (Məmməd) Ağayev (Rusiya Federasiyasının Əməkdar mədəniyyət işçisi və Əməkdar incəsənət xadimi Ağayev Məmmədəli Hüseyn oğlu – C.) var idi. O, otuz ildən çox Aleksandr Şirvindlə bir yerdə işləmişdi. Şirvindin kabinetinə girəndə elə bilirdin ki, mən bunu televizorda görmüşəm, bir kralın, şahın rezidensiyasına girirsən. Amma Məhəmməd müəllimin otağı çox sadə idi – stol, şkaf və s. Məmmədəli müəllim yalnız inzibati işlərə baxırdı. Yaradıcılıqla məşğul olmurdu və deyirdi ki, bu işi görən hamısı, yəni bu teatrı yaşadan, pul qazanan, ona bədii rəhbərdir, rejissordur, aktyorlardır. Həmişə deyirdi ki, afişada mənim adım yazılmayıb. Amma bizdə isə direktor simalıdır. Yəni direktor əgər baş rejissorun necə deyər, hər hansı qərarını dəyişirsə, o, təkcə baş rejissorun zəifliyi, günahı deyil, o sistemin teatr direktoruna verdiyi hədsiz səlahiyyətdir. Və bir də gəlin gizlətməyək də, bizim teatrda çalışanlarımız uzun illərdir fəxri ad, Prezident təqaüdü şantajı, stressi və həsrəti ilə yaşayır. Mən bunu çəkinmədən deyirəm. Kimsə səsini çıxarndanda fikirləşəcək, “ay amandır, birdən mənim adımı bu il Prezident mükafatına təqdim etməzlər”. Teatrdan nazirliyə getməz, nazirlikdən Prezident Aparatına getməz. Hər hansı baş rejissorun savadı və ya fantaziyasının çatmadığına görə bu vəziyyət yaranmayıb. Bu qarşılıqlı olan məsələdir.


– Baş rejissor ştatı yığışdırılandan sonrakı mənzərəni necə təsəvvür edirsiz?

– Maraqlıdır, teatrın repertuarını müəyyən etmək, yaradıcı potensialını düzgün qiymətləndirmək üçün əgər direktorlar yenə rejissor içini yerinə yetirəcəksə, bu necə olacaq? Axı teatr direktoru bunu həll edəcək adam deyil, onun səlahiyyəti deyil. Rəsmi olaraq əgər bu da ona verilirsə, hər baş rejissordan da yaxşı təşkilatçı, inzibatçı çıxmır axı.


– Həmin ştatların əvəzində isə yaradıcılıq, tərtibat, maliyyə və marketinq əsaslı şöbələr yaradılıb. Bəlkə ştatların səlahiyyəti onlara veriləcək?

– Həmin şöbələrin dəqiq konsepsiyası varmı və nə işlə məşğul olacağı bilinirmi? Məsələn, gəlin elə marketinqə götürək. Azərbaycanda Teatr marketinqi sahəsini bilən neçə mütəxəssis var? Təxminən 10-12 il bundan əvvəl bir teatr marketinqi kurs yaratdılar. Kursda iştirak edənlər nə öyrəndilər – bilet satmağı. Azərbaycanda teatr marketinqini yaxşı bilən bir nəfər var idi – teatrşünas rəhmətlik Şahin Səfərov. Ş.Səfərov da bildiklərini xaricdən öyrənmişdi. Öz həvəsi ilə, necə deyərlər, qabiliyyəti ilə bu biliklərə yiyələnmişdi. Teatr marketinqi ilə indi kim məşğul olacaq? Belə bir savada sahib olan adamlar varmı? Yaradıcı heyət deyəndə vəziyyət orada necə olacaq? O heyətə neçə aktyor daxil olacaq? Aktyorun sənəti deyil axı. Hər yüz aktyordan beşində rejissor düşüncəsi, təfəkkürü ola bilər. Və bunlar hansı prinsiplərlə – stajlamı, tamaşalarda rol almaq sayıylamı seçiləcəklər?


– Belə başa düşdüm ki, repertuardakı tamaşalarda hansı rollarda kimlərin oynamasını teatrın direktoru müəyyən edəcək...

– Bəs onda teatr direktoru kimlər olacaq? Rejissor olacaq? Bax, bu maraqlıdır. Səhv eləmirəmsə, 2009-cu ildə 10 illik teatr proqramı qəbul olundu. Bu proqramın hansı bəndləri, nələr yerinə yetirildi?

Orada ancaq təmiri gördük.

Birinci Kukla Teatrından başladılar, düz elədilər. Çünki Kukla Teatrı digərləri üçün tamaşaçı yetişdirir. Gəlin açıq danışaq, Azərbaycanda, dünyada dilindən, dinindən asılı olmayaraq hər kəsi maraqlandıra bilən, xarici qonaqlara başa düşdüyü teatr – Opera və Balet Teatrıdır. Amma Opera və Balet Teatrı o proqramda axıra qaldı. Proqram yekunlaşıb, amma teatr, səhv eləmirəmsə, dörd ildir təmirdədir. O təmirin necə getdiyindən, nələr olacağından hələ kimsə, heç nə danışmır. Partizan kimi iş görülür. Amma teatr itirir. Yəni teatrın əlli manata bilet satmaq şansı var idi və gerçəkləşdirə bilirdi. Məsələn, mən o teatra müntəzəm gedirdim və görürdüm ki, nə qədər xaricilər, Azərbaycanda çalışan başqa ölkələrin vətəndaşları, səfirlik əməkdaşları var. Diplomatik korpus və səfirliklər öz qonaqlarını ora aparır. Hətta bildiyim qədər başqa ölkələrdən teatra yazırdılar ki, biz tutaq ki, Novruz bayramında gəlmək istəyirik, həmin günlərdə Azərbaycan Opera və Balet Teatrında hansı əsərlər oynanılacaq? Ölkəyə gəlmək istəyənlər səfərlərini həmin teatrın tamaşalarına uyğun planlaşdırırdı.

O proqrama daxil olan digər məsələ xarici kurslar idi. Bəli, uşaqlar kurslarda iştirak etdilər. Əslində, onu Teatr Xadimləri İttifaqı təşkil etmişdi. Daha çox Rusiyadakı yay məktəblərinə gedənlər də özlərini inkişaf etdirdilər.
– Xalq teatrlarında başa düşülür, yəni burada elə bir problem olmayacaq. Bəs Pantomima, Marionet kimi spesifik teatrlar var. Burda vəziyyət necə olacaq?

– Bax, o sualın cavabı mənə də maraqlıdır. Tək o yox. Məsələn, elə “Yuğ” teatrı da havadan asılı bir vəziyyətdədir.

Bir şey deyək, kiminsə uzaqlaşdırmaq, səlahiyyətini almaq üçün hər şeyi belə ləğv etdilər. Təəssüf ki, belə bir ehtimal da var. Və bunu deyirlər. Artıq teatra yaxın adamlar bunu yazırlar, deyirlər.


– Söhbət Mehriban Ələkbərzadədən gedir? Yəni, bu həngamə Mehriban xanıma görə oldu?

– Bu, Stalinin “insan yoxdursa problem də yoxdur” prinsipinə oxşadı. Amma dırnağı sağaltmaq üçün qolu kəsmək lazım deyildi.

Cavid, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar