Paytaxtda baş verən növbəti məktəb insidenti cəmiyyətdə ciddi narahatlıq doğurub. 286 nömrəli məktəbdə IX sinif şagirdinin sinif yoldaşına qarşı törətdiyi ağır zorakılıq hadisəsi yeniyetmələr arasında aqressiyanın səviyyəsi və məktəb mühitində təhlükəsizlik məsələlərini yenidən gündəmə gətirib. İlkin məlumata görə, mübahisə zəminində baş verən hadisə nəticəsində zərərçəkmiş şagird ağır yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib və vəziyyəti ağır olaraq qiymətləndirilir. Faktla bağlı şübhəli bilinən şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Bakupost.az xəbər verir ki, məsələ ilə bağlı Demokrat.az-a danışan psixoloq Gülnar Orucova yeniyetmələrin aqressiv davranışlar sərgiləməsi çox vaxt ailə mühitində formalaşan amillərlə bağlı olduğunu bildirib.
“Əgər ailədə münaqişə, zorakılıq, tez-tez mübahisələr və ya uşağa qarşı laqeyd münasibət mövcuddursa, yeniyetmə bu davranışları model kimi qəbul edir və zamanla özü də tətbiq etməyə başlayır. Nəticədə emosiyalarını idarə etməkdə çətinlik çəkir və bu da aqressiv reaksiyalarla nəticələnə bilir. Bu prosesdə medianın da rolu az deyil. Yeniyetmə bullinq və zorakılıq məzmunlu videoları tez-tez izlədikdə, bu görüntülər onun qarşısına davamlı şəkildə çıxır və aqressiyanı ifadə etmə forması kimi mənimsənilə bilir. Digər mühüm faktor isə özünə dəyər və özgüvən hissinin aşağı olmasıdır. Bəzi yeniyetmələr özlərini təsdiqləmək üçün başqalarını alçaltmaq, fiziki güc göstərmək yolu ilə üstünlük qazanmağa çalışırlar. Bəzi uşaqlarda erkən yaşlardan psixoloji travmalar və ya davranış pozuntuları müşahidə olunur ki, bu da aqressiyanın formalaşmasına zəmin yaradır”.
O bildirib ki, belə hallarda valideynlər mütləq mütəxəssisə müraciət etməlidirlər:
“Maddi imkanların məhdud olması bəhanə olmamalıdır, çünki ödənişsiz psixoloji xidmətlər, o cümlədən məktəb psixoloqları mövcuddur. Son dövrlərdə məktəblərdə psixoloqların sayının artırılması da bu baxımdan müsbət addımdır. Məktəblərdə bullinq halları baş verirsə, bu, həm də idarəetmədə problemlərin göstəricisi kimi qiymətləndirilə bilər. Məktəb rəhbərliyi düzgün yanaşma və profilaktik tədbirlər həyata keçirmədikdə, bu cür hallar dərs prosesində belə baş verə bilir. Təəssüf ki, bəzi hallarda problemli və ya çətin tərbiyə olunan uşaqlar gizlədilir, məsələ üzə çıxarılmadan “yola verilməyə” çalışılır. Halbuki bu uşaqlarla xüsusi yanaşma tələb olunur və bunun üçün xüsusi təhsil müəssisələri və mütəxəssislər mövcuddur. Maarifləndirmə işlərinin zəif təşkili də problemlərdən biridir. Məktəblərdə psixoloqlar çox vaxt öz əsas funksiyalarından kənar işlərə cəlb olunur. Bu isə onların peşəkar fəaliyyətini məhdudlaşdırır. Halbuki psixoloqlara öz vəzifələrini icra etmək üçün şərait yaradılmalı, onların bilik və bacarıqlarından məhz psixoloji dəstək və profilaktika istiqamətində istifadə olunmalıdır. Yeniyetmələrdə aqressiyanın qarşısının alınması üçün ailə, məktəb və cəmiyyət səviyyəsində koordinasiyalı və düzgün yanaşma vacibdir”.