Ermənistan baş naziri bildirib ki, köhnə yanaşmalar davam etsə, Azərbaycanla sülh mümkün olmayacaq.
Bakupost.az Musavat.com-a istinadən xəbər verir ki, Nikol Paşinyan yeni konstitusiyada Müstəqillik Bəyannaməsinə istinadın yer almamalı olduğunu bəyan edib.
Paşinyan sosial şəbəkədə canlı yayım zamanı bildirib ki, bunun əsas səbəbi “Qarabağ hərəkatı”nın siyasi gündəmdə davam etdirilməməsidir.
Onun sözlərinə görə, əgər yeni konstitusiyanın preambulasında həmin sənədə istinad saxlanılsa, bu, Qarabağ xəttinin davamı kimi yozulacaq və nəticədə Azərbaycanla yeni qarşıdurma riski yaranacaq.
Paşinyan açıq şəkildə deyib:
“Əgər “Qarabağ hərəkatı”nı davam etdiririksə, deməli, Azərbaycanla münaqişəni yenidən bərpa edirik. Münaqişə bərpa olunursa, sülh mümkün deyil”.
Baş nazir əlavə edib ki, bu yanaşma eyni zamanda regionda qarşılıqlı ərazi iddiaları mövzusunun da bağlanmasına xidmət edir. O, “Şərqi Türkiyə”, “dənizdən dənizə Ermənistan” kimi tezislərin gələcəyə aparmadığını bildirib.
Paşinyan vurğulayıb ki, Ermənistan “Real Ermənistan” ideyasına fokuslanmalı, beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində təhlükəsizlik və rifah məsələlərinə diqqət yetirməlidir.
O qeyd edib ki, Ermənistan ordusu ölkənin suveren ərazisindən kənarda yalnız sülhməramlı missiyalar çərçivəsində istifadə oluna bilər.
Qarabağdan köçmüş ermənilərin məsələsinə toxunan Nikol Paşinyan deyib ki, bu mövzu da humanitar və sosial baxımdan yeni mərhələyə keçirilməlidir. Onun fikrincə, həmin insanlar Ermənistan cəmiyyətinə tam inteqrasiya etməlidirlər.
Paşinyan həmçinin konstitusiya məsələsinin heç bir xarici tərəflə müzakirə edilmədiyini və bunun Ermənistanın daxili gündəliyi olduğunu iddia edib. Bununla belə, yeni konstitusiyanın qəbulunun regional və beynəlxalq əhəmiyyət daşıyacağını vurğulayıb.
Paşinyan sonda seçicilərə müraciət edərək qarşıdan gələn seçkilərin tarixi seçim olduğunu bildirib: ölkə sülh yolunu seçəcək, yoxsa yenidən qarşıdurma dövrünə qayıdacaq.