Türkiyə hüquq-mühafizə orqanları Siverek və Kahramanmaraş şəhərlərindəki təhsil müəssisələrinə edilən hücumlarla bağlı sosial şəbəkələrdə qeyri-etik paylaşımlar edən 162 nəfəri saxlayıb.
Bakupost.az Demokrat.az-a istinadən xəbər verir ki, Ədliyyə naziri Akın Gürlek onlardan 95-i cəmiyyətdə qorxu və təşviş yaradan görüntülər yaydıqları üçün həbs edildiyini bildirib. Saxlanılan şəxslərin bir qisminin cinayətkarları təriflədiyi və hadisələrlə bağlı dezinformasiya yaydığı müəyyən olunub.
Bundan başqa, digər məktəblərə hücum planlaşdırıldığı barədə əsassız məlumatlar paylaşan 67 nəfər də nəzarətə alınıb. Nazirlik həmçinin qeyd edib ki, ümumilikdə 1104 sosial şəbəkə hesabına qarşı məhdudiyyətlər tətbiq edilib.
Türkiyə rəsmiləri baş verən faciələrdən sonra informasiya məkanında gərginliyin qarşısını almaq üçün nəzarət tədbirlərini gücləndiriblər. Hər iki hadisəni törədən şəxslərin davranışlarında bənzər xüsusiyyətlərin olduğu bildirilir.
Hadisələrin xronologiyasına gəlincə, aprelin 14-də Siverekdə baş verən silahlı hücum zamanı 16 nəfər yaralanıb, hücumçu isə zərərsizləşdirilib. Növbəti gün Kahramanmaraşda səkkizinci sinif şagirdinin orta məktəbdə törətdiyi atışma nəticəsində 10 nəfər həyatını itirib, bir neçə nəfər isə ağır yaralanıb.