Ru
22:59 / 27 Aprel 2026

Məleykə xanım bu xalqdan kimin və nəyin qisasını alır?..

Məleykə xanım bu xalqdan kimin və nəyin qisasını alır?..
Eye

Ötən əsrdən, DİM-in TQDK olan dövründən bu quruma rəhbərlik edən əbədi sədr Məleykə Abbaszadə bu gün ictimaiyyət qarşısına çıxıb və hesabat xarakteri daşımalı olan açıqlamalar verib – çünki 11-ci siniflərin ardınca 9-cu siniflərin də imtahanları artıq bitdi!

Məleykə xanımın ilk açıqlaması nədir? - xarici dildə mətnin dinlənilməsi zamanı səsin zəif olması barədə iradlara cavab.

Hörmətli sədr “ana qəlbi” ilə uşaqların bu iradlarını təkzib etdi.

Görünür, Məleykə Abbaszadə imtahan keçirilən bütün zallarda o səsləri dinləyib-eşitmək kimi fövqəlqabiliyyətə sahibdir və ona görə bu cür əminliklə danışır - əks halda, heç olmasa, “bəlkə”, “ola bilər”, “aradan qaldırarıq”, “texniki problem hər zaman mümkündür”, “bu cür hal baş verən imtahan otaqları üçün əlavə dəstək hazırlayırıq” kimi sözlərdən istifadə edə, yüzminlərin iradını vecinə aldığını nümayiş etdirə bilərdi.

Etmir, çünki fövqəldir, bütün imtahan otaqlarında şəxsən olub, izləyib, eşidib və şəxsən şahiddir ki, “səsdə” problem olmayıb!

Əvəzində bunu heç sıxılıb-eləmədən uşaqların hazırlıq səviyyəsinin üstünə yıxmaqdan belə çəkinmədi. Məleykə xanım Abbaszadə həzrətlərinin düşüncəsinə görə, məsələn, 15 yaşındakı uşaq, 9-cu sinif şagirdi ingiliscə sürətlə səslənən mətni ingilis kimi anlamalıdır, sinxron tərcümə bacarığı olmalıdır, səsin necə gəlməsindən asılı olmayaraq, xarici dili hiss etməli, duymalıdır.

M.Abbaszadənin ən mühüm qərarı da elə buna əsaslanır: bu gün elan edildi ki, Dövlət İmtahan Mərkəzi tam orta təhsil səviyyəsində (11 illik) xarici dillər üzrə imtahan modelində dəyişiklik edib, yeniyetmələr 2027-ci ildən başlayaraq, imtahanda esse yazacaqlar.

Əvvəla: bir vaxtlar ən hörmətli və böyük təcrübə tələb edən ədəbi janrlardan olan esseni son illər əməlli-başlı hörmətsiz ediblər. Gül kimi “inşa” sözündən imtina ediblər, “yenilik”, “tapıntı” adına “esse” sözündən istifadə edirlər və əlbəttə ki, mahiyyətini bilmədən – təki “yeni söz” olsun, “yenilik” kimi görünsün...

Məleykə xanım Abbaszadə özü sözün klassik mənasında esse yaza bilərmi? Bu ölkədə ən məşhur ədəbi simalar heç də hər yazılarına “esse” deməyiblər – ar ediblər. İndi bu “esse”ni ibtidai sinif uşaqlarına da “yazdırırlar”.

İkincisi, təsəvvür edə bilirsinizmi ki, o imtahan stressi, gərginliyi, həyəcanı altında 17 yaşlı uşaq “esse” yazsın, həm də xarici dildə?

Bizim nəsil esse yox, yazılı imtahanda inşa yazırdı, həm də ana dilindən: ancaq o ana dilindəki inşa üçün bizə saat 9-dan 3-ə qədər, 6 saat zaman verilirdi!

Amma doğrusu, DİM-dən elə bu cür “yenilik” gözlənilirdi. Zatən bu qurum ilbəil imtahanları çətinləşdirməklə məşğuldur.

Məqsəd budur:

- Hamını repetitorlara möhtac etmək.

Məleykə Abbaszadənin sayəsində bu ölkədə alternativ təhsil sistemi yaranıb. Dövlətin pulsuz təhsil verdiyi məktəblərdən fərqli olaraq, pullu təhsil var bu ölkədə və onu Məleykə xanım Abbaszadənin rəhbərlik etdiyi DİM təşviq edir, hər il imtahanları çətinləşdirməklə hər kəsi repetitorlardan asılı vəziyyətə salır və paralel təhsil sistemini inkişaf etdirir.

Hazırda orta məktəblərə şagirdlərin cəlbində problem yaranıb: uşaqlar məktəbə getmək istəmir, son siniflərdə təhsil alan şagirdlər isə ya adlarını hansısa auldakı məktəbə yazdırıb, Bakıda pullu təhsildən istifadəyə davam edirlər, ya da elə oxuduqları məktəblə ya xahişlə, ya da pulla razılaşıb, məktəbdə həftədə 1-2 dəfə görünüb (məhz “görünüb”), pullu təhsilə davam edirlər.

Yəni Azərbaycanda pulsuz təhsil verən dövlət müəssisəsinə pul veririk ki, imkan yaratsınlar, pullu “məktəblər”də təhsil alaq.

- Bu çətinliklərlə uşaqları başqa ölkədə təhsil almağa təhrik etmək.

Bütün dünya hər bir uşağın ibtidai və orta təhsil kimi, ali təhsil haqqının da olduğu düşüncəsinə gəlməkdədir. Ona görə “attestatla qəbul” getdikcə daha çox ölkədə tətbiq edilir. Amma xanım Abbaszadə sanki daha çox uşağı ali təhsildən perik salmağa and içib.

Məleykə Abbaszadə bu xalqdan kimin və nəyin qisasını alır?

Məleykə Abbaszadə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində təhsil alıb, xalq yazıçısı, “Şöhrət” ordenli Hüseyn Abbaszadənin gəlini olub.

Qızı hazırda ABŞ-da yaşayır, ancaq Azərbaycanda yaşayanda da ona qayğı göstərilib, 2012-də Bakıda keçirilən “Avroviziya”nın aparıcılarından biri də M.Abbaszadənin qızı idi.

32 ildir bu ölkədə vəzifə daşıyır M.Abbaszadə.

Adamın 73 yaşı var! Pensiya yaşı bu ölkədə 65-dir! Orta məktəb müəllimi 65 yaşa çatan kimi işdən çıxarılır, ancaq DİM sədri 73 yaşında hələ də vəzifədədir!

Yaxşı, bu ölkə Məleykə xanım Abbaszadəyə yaxşılıqdan başqa nə edib?

Bu ölkə Məleykə Abbaszadənin vəzifədə qalması üçün hətta pensiya yaşı haqda qaydanı da pozur!

Bəs, Məleykə xanım bu xalqın balalarını bu ölkədən niyə perik salır, niyə onların ali təhsil haqqına müdaxilə edir, niyə alternativ olaraq pullu təhsil modelini inkişaf etdirir, niyə uşaqların uşaq həyatını, əyləncəsini əlindən alıb, onları gecə-gündüz test tapşırıqları yazan robota çevirir, niyə yüzminlərlə uşağı gözəl məktəb illərini yaşamaqdan məhrum edir?

Bəlkə doğrudan elə bilir ki, bu dövlətin ona etdiyi yaxşılıqların əvəzini bu cür çıxmaq lazımdır?

Belədirsə, ona biri başa salsın ki, pensiya yaşınız 8 ildir keçir, “yeniliklərinizi” özünüzə saxlayın, imkan verin, yeni kadr gəlsin!

Anar Niftəliyev

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar