“ABŞ administrasiyası baş verən hadisəni Prezident Donald Trampa qarşı növbəti sui-qəsd cəhdi kimi qiymətləndirir”.
Bakupost.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Levitt keçirdiyi xüsusi brifinqdə məlumat verib.
Levitt qeyd edib ki, aprelin 25-də “Washington Hilton” hotelində baş verən insident təkcə prezidenti deyil, administrasiyanın yüksəkrütbəli üzvlərini də hədəf alıb.
Məlumata görə, hücumçu prezident Donald Trampı, vitse-prezident Cey Di Vensi və orada olan digər nazirləri qətlə yetirmək niyyətində olub:
“Atışma başlayan kimi Məxfi Xidmət əməkdaşları Tramp və Vens ailəsini dərhal təhlükəsiz zonaya təxliyə ediblər. Şübhəli şəxs isə hadisə yerindəcə zərərsizləşdirilərək saxlanılıb. Ziyafətdə ABŞ-nin bütün rəhbər heyəti – dövlət katibi Marko Rubio, Pentaqon rəhbəri Pit Heqset, FTB direktoru Keş Patel və maliyyə naziri Skott Bessent iştirak edirdi. Bu, Trampın həyatına edilən növbəti sui-qəsd cəhdidir və hazırda FTB hadisənin bütün təfərrüatlarını araşdırır. Təhlükəsizlik tədbirləri ən yüksək səviyyəyə qaldırılıb”.
Xatırladaq ki, prezident Donald Tramp daha əvvəl də seçki kampaniyası dövründə bənzər hücumlarla üzləşmişdi.