Bakupost.az xəbər verir ki, Məzahir Pənahovun müavini Rövzət Qasımov, o cümlədən MSK katibləri Arifə Muxtarova və Mikayıl Rəhimov da öz vəzifələrində qalıb. Mərkəzi Seçki Komissiyasının tərkibi ümumiyyətlə dəyişməyib.
Qeyd edək ki, Məzahir Pənahov 1951-ci il martın 13-də Tovuz rayonunun Qaraxanlı kəndində anadan olub. 1972-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Fizika fakültəsini bitirib, 1971–1972-ci illərdə Sankt-Peterburq şəhərində A.F.İoffe adına Fizika-Texnika İnstitutunun diplomçusu, 1973–1976-cı illərdə isə aspirantı olub. 1979-cu ildən elmlər namizədi, 1992-ci ildən elmlər doktorudur.
1977-ci ildən 1993-cü ilədək Bakı Dövlət Universitetində müəllim, baş müəllim və dosent işləyib. 1993-cü ildən Bakı Dövlət Universitetinin "Ümumi fizika və fizikanın tədrisi metodikası" kafedrasının professoru, 1996-cı ildən 2019-cu ilədək həmin kafedranın müdiri olub. Yəni MSK sədri olmaqla paralel kafedra müdiri kimi də çalışıb.
1998–2000-ci illərdə MSK-nın Beynəlxalq Əlaqələr İdarəsinin rəisi işləyib. 2000-ci il mayın 19-da MSK üzvü təyin olunub və həmin gün Komissiyaya sədr seçilib.
Məzahir Pənahov hazırda 75 yaşını tamamlayıb və 76 yaşına qədəm qoyub. MSK-nın tərkibinin 5 ildən bir formalaşdığını nəzərə alsaq, belə görünür ki, Məzahir Pənahov 80 yaşını da MSK sədri kimi qarşılayacaq.
Xatırladaq ki, Məzahir Pənahovun adı son aylar
ailə qalmaqallarında hallanıb. Bir müddət əvvəl MSK sədrinin ABŞ-da yaşayan oğlu Məhəmməd Pənahovun hamilə arvadını vəhşicəsinə döyməsi və xanımın övladını itirməsi barədə məlumatlar yayılmışdı. Bu məlumatın ardınca Pənahovlar ailəsinin bahalı əmlakları da gündəmə gəldi.
Məhəmməd Pənahovun keçmiş həyat yoldaşı H.Pənahova ilə arasındakı
məhkəmə çəkişməsi də başa çatıb. Məhkəmənin qərarı ilə Məzahir Pənahovun ailəsi tərəfindən keçmiş gəlininə 300 min manatlıq əmlak, o cümlədən qiyməti 260 min manata qədər olan zinət əşyaları
qaytarılacaq.
Bundan başqa, Məhəmməd Pənahovun ABŞ-ın Los-Anceles şəhərindəki nüfuzlu Bel-Eyr bölgəsində, Hollivud ulduzlarının qonşuluğunda 2 milyon 35 min 400 dollarlıq dəbdəbəli villaya sahib olduğu bildirilir.
Asena,
BakuPost