Yanvarın 12-də Heydər Əliyev Sarayında klassik “Leyli və Məcnun” tamaşası nümayiş olunacaq. Tamaşada Məcnun rolunu 65 yaşlı Xalq artisti Mənsum İbrahimov, Leyli rolunu isə 53 yaşlı Xalq artisti Nəzakət Teymurova canlandıracaq. Sosial şəbəkələrdə isə 50 yaşdan yuxarı xanəndələrin gənc obrazlara uyğun olub-olmaması barədə müzakirələr yenidən alovlanıb.
Bakupost.az xəbər verir ki, Xalq artisti Mənsum İbrahimov Musavat.com-a açıqlamasında tamaşanın ildə bir dəfə oynandığını və buna görə də narahatlığa əsas olmadığını bildirib.
Onun sözlərinə görə, yanvarın 12-si dahi Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operasının ilk dəfə nümayiş etdirildiyi gündür:
“Mən bu tamaşada ya onun ilk nümayiş etdirildiyi, ya da mövsümün bağlanış və ya açılış günü oynayıram. Bir il ərzində tamaşaçılar gözləyir ki, mən bu tamaşada nə zaman oxuyacağam. Bilirsiniz ki, mən bir neçə ildir ki, teatr səhnəsindən çəkilmişəm, meydan gənclərindir. Özüm də nə qədər istedadlı gənci teatra aparmışam və hamısının da oynadığı rolları izləyirəm.
Yanvarın 12-də Nəzakət xanımla biz bu tamaşada ifa etməklə yetirmələrimizə ustad dərsi verəcəyik. Hər ay gənclər Leyli və ya Məcnun obrazını canlandırırlar. Bu söz-söhbəti yayanlar niyə gəlib onlara dəstək olmurlar? Onu deyən insanlar heç teatrın yolunu tanımırlar. İlboyu tamaşada gənc ifaçılar oxuyur. Biz isə çoxsaylı tamaşaçıların istəyi ilə ildə bir dəfə teatr səhnəsinə çıxıb ifa edirik.
Luçano Pavorotti 70 yaşına qədər “Aida” tamaşasında rol oynayırdı. Tarixən belə olub. Əgər ifaçının özü və səsi formadadırsa, heç bir problem yoxdur. Bu operadır, burada fonoqram oxumaq olmur. Yanvarın 12-də mən 2 min nəfərin qarşısında çıxış edəcəyəm. Bu, adamdan hünər istəyir. Tamaşaçı bunu istəyirsə, niyə də olmasın?”.