Milli Məclisin bu gün keçirilən iclasında “Müstəqillik Günü haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.
Parlamentdə məsələ ilə bağlı bir sıra deputatlar çıxış ediblər.
Bakupost.az –ın məlumatına görə,
deputat Sabir Rüstəmxanlı bildirib ki, qanun layihəsinə qarşı çıxmaq, kölgə salmaq düzgün deyil.
S.Rüstəmxanlı müstəqilliyin bərpası uğrunda çalışan və ortaya mövqe qoyan insanların, müstəqilliyə səs verən deputatların haqqının verilməsini zəruri hesab edərək əlavə edib ki, onların minimum ehtiyacları ödənməlidir:
“O adamların bəziləri 200-300 manatlıq aylıq təqaüdlə dolanırlar. Həmçinin hesab edirəm ki, 18 oktyabr iş günü olmamalıdır. 1918-ci ildə zəhmət çəkənlərin də xatirəsi qorunmalıdır”.
Musa Qasımlı bildirib ki, 28 mayın Müstəqillik günü, 18 oktyabrın Müstəqilliyin bərpası kimi qiymətləndirilməsi tariximizin doğru şəkildə təqdim edilməsidir:
“İstiqlal bəyannaməsi təkcə müstəqilliklə əlaqəli deyildi, eyni zamanda cümhuriyyət qurulucağı elan olunurdu. Bu addım Şərqdə ilk müstəqilliyə və müstəmləkəçilikdən xilas yollarına gətirdi. 1920-ci ilin aprelində Azərbaycan işğal edildikdən sonra SSRİ yaradıldı. Adımız müstəqil olsa da, Azərbaycan müstəqil deyildi. Bu mənada 28 mayın müstəqillik günü adlandırılması doğrudur.
18 oktyabrda dövlət müstəqilliyinin bərpası günüdür. Bunu 18 oktyabrda qəbul edilən müstəqillik aktı haqqında konstitusiya qanunu göstərir. Həmin sənəd də 28 mayda elan olunan müstəqil Azərbaycanın varisi olduğu ifadə edilib. Bu mənada 18 oktyabr müstəqilliyin bərpası günü kimi qiymətləndirilməlidir”.
Deputat qeyd edib ki, qanunun tarixi əhəmiyyəti var: “Bu bizim tariximizdə milli dövlətçilik baxımından vacibdir, tarixdə varisliyi əks etdirir. Bu məktəbə gedən şagirddən böyüyə qədər hamıya müstəqil dövlətçilik, dövlət millətçiliyi və vətənpərvərliyi aşılayan qanundur. Məktəbə gedən uşaqlar biz nə zaman dövlət milləti olmuşuq, bunu nə zaman itirmişik, nə zaman bərpa etdiyimizi biləcək. Odur ki, bunun tarixi əhəmiyyəti böyükdür”.
“28 may gününü necə dövlət bayramı kimi qeyd ediriksə, 18 oktyabrı da elə qeyd etməliyik. 18 oktyabr da qeyri-iş günü olmalıdır".
Bu təkliflə isə deputat Vahid Əhmədov parlamentdə çıxış edib.
O qeyd edib ki, Azərbaycan 1918-ci ildə müstəqil dövlət kimi fəaliyyətə başlayıb:
“Hökumət, diplomatik əlaqələr formalaşıb. Təəssüf 23 ay yaşaya bilib.1991- ci ildə Müstəqillik Günü haqqında Konstutusiya Aktı kimi qeyd edilib. Bunda o vaxtkı millət vəkillərinin böyük rolu olmuşdu. Azərbaycan niyə gec müstəqilliyini bərpa etdi? Çünki o vaxt Kommunsit Partiyası qəbul etmirdi ki, Azərbaycan müstəqil dövlət kimi yaşaya bilməz. İstiqlalçı millət vəkillərindən söhbət getdi”.
Deputat indi bütün bunlardan danışmağın rahat olduğunu vurğulayıb: “O vaxt Azərbaycan 20 Yanvar faciəsini görmüşdü. Bu zalda 43 nəfər SSRİ nin saxlanılmaması əleyhinə səs verdi. Sonradan hansı mövqeni tutdularsa, bu məni maraqlandırmır. İstəyirəm ki, iki məsələni cənab Prezident nəzərə alsın. Qanun layihəsinin adlarını müsbət qarşılayıram. Amma 28 mayı necə dövlət bayramı kimi qeyd ediriksə 18 oktyabrı da elə qeyd etməliyik. 18 oktyabr da qeyri-iş günü olmalıdır. Müstəqillik yolunda hər şeydən məhrum olan insanlar bunun bəhrəsini görməlidir. 1991-ci ilin müstəqilliyə səs verən deputatlar müəyyən qədər öz töhfələrini almalıdırlar. Həmin insanların da mükafatını vermək lazımdır".
Millət vəkili Tahir Kərimli xatırladıb ki, 1991-ci ilin 18 oktyabrında "Azərbaycanın Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı"nın qəbul olunması əslində dövlət müstəqilliyinin bərpasıdır:
"O vaxt hazırlanma prosesində tələskənlik olduğundan ad düzgün ifadə olunmayıb. Əslində, 30 avqust tarixində biz "Azərbaycan Dövlət Müstəqilliyinin Bərpası haqqında Bəyannamə" qəbul etmişdik. Yəni, Müstəqilliyin Bərpası Günü hələ 1991-ci ildə qəbul olunmuş bəyannamədir”.
Deputat Erkin Qədirli isə 28 may Respublika Gününün adının dəyişdirilməsinə etiraz edib. O, layihədə təklif edilən 18 Oktyabr gününün Müstəqilliyin bərpası kimi adlandırılmasını doğru sayır:
“Çünki müstəqilliyi 1991-ci ildən saymaq tarixi danmaq olardı. Ancaq 28 Mayı Müstəqillik Günü adlandırmağa ehtiyac yox idi. Aydındır ki, həmin gün Müstəqillik Günüdür. Konstitusiyada qeyd edilib ki, çoxəsrlik ənənələrə sadiq qalınıb. Ancaq respublika kimi ilk dəfə idi ki, dövlət yaradılmışdı. Respublika sözündə və cümhuriyyət sözündə də hürriyyət var idi. Biz illərcə müstəqillikdən çox respublikaçılığı vurğulamışıq. Ona görə də 28 May bayramından respublika sözünün götürülməsini doğru saymıram”.
Qeyd edək ki, Milli Məclisin bu gün keçirilən iclasında “Müstəqillik Günü haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.
Layihə müzakirələrdən sonra səs çoxluğu ilə birinci oxunuşda qəbul edilib.
Layihədə təklif edilir ki, 28 May Müstəqillik Günü, 18 Oktyabr isə Müstəqilliyin bərpası günü kimi qeyd ediləcək.