Ru
19:22 / 30 Dekabr 2025

Moskvada tacik sevgilisini diri-diri yandırıb Azərbaycana qaçdı

Moskvada tacik sevgilisini diri-diri yandırıb Azərbaycana qaçdı
Eye

Ağcabədi rayon sakini, 1974-cü il təvəllüdlü Aydın Azərbaycanın hüdudlarından kənarda qeyri-rəsmi münasibətdə olduğu tacikəsilli Şahnaz adlı qadını qətlə yetirməkdə ittiham olunub.

Bakupost.az "Teleqraf"a istinadən xəbər verir ki, Aydın Şahnazı xüsusi amansızlıqla öldürmək üsulu seçib.

İstintaq materiallarına görə, 2023-cü il sentyabrın 23-də Rusiya vaxtı ilə saat 06 radələrində Aydın Moskva vilayətinin Serpuxov şəhərində saxladığı QAZ-2705 markalı avtomobildən plastik qabda benzin və alışqan götürərək Şahnazın yaşadığı evin giriş qapısına yaxınlaşıb. O, benzini qadının üzərinə və bədəninə tökərək alışqanla yandırıb.

Şahnaz dəfələrlə ondan aman diləsə də, Aydın buna məhəl qoymayıb. Qadın aldığı ağır yanıq xəsarətləri nəticəsində vəfat edib.

İstintaq orqanı tərəfindən Aydının barəsində Cinayət Məcəlləsinin 12.1 və 120.2.4-cü (Azərbaycanın hüdudlarından kənarda, xüsusi amansızlıqla və təhlükəli üsulla adam öldürmə) maddələri ilə ittiham irəli sürülüb.

Cinayət işi üzrə ifadə verən Aydın özünü təqsirli bilib. O bildirib ki, Rusiyada metal məmulatlarının yığılması və satışı ilə məşğul olub:

"2023-cü il sentyabrın 22-də "Qazel" markalı yük avtomobili ilə metal toplamaq üçün Ufa şəhərinə getdim. İşimi bitirdikdən sonra gecə saatlarında Moskvaya qayıdaraq metalları təhvil verdim. Şəhəri tərk edərkən avtomobildə nasazlıq yarandı, usta tapıb təmir etdirdim. Sentyabrın 23-də səhər saat 06 radələrində yaşadığım evə çatdım. Avtomobilin yağını dəyişərkən əlimə yağ və germetik maddə bulaşmışdı. Su ilə təmizləmək mümkün olmadığından plastik qabda benzin götürdüm".

Təqsirləndirilən şəxsin sözlərinə görə, binaya doğru gedərkən küçənin o biri başından Şahnazın əlində gül buketi ilə gəldiyini görüb:

"Gül buketini görəndə onun başqası ilə görüşdüyünü düşündüm. Haradan gəldiyini soruşdum, aramızda mübahisə yarandı. Əsəbiləşdiyim üçün benzini onun üzərinə töküb alışqanla yandırdım".

Aydın Şahnazı öldürmək niyyətinin olmadığını iddia edib:

"Benzini əlimi yumaq üçün götürmüşdüm. Törətdiyim əməldən peşmanam".

O, Şahnazla 2015-ci ildə Ukraynada tanış olduğunu da bildirib:

"Milliyyətcə tacik olsa da, uşaqlıqdan Ukraynada yaşamışdı. Birinci əri vəfat etmişdi, həmin nikahdan 2010-cu il təvəllüdlü Telman adlı övladı vardı. Bir müddət ər-arvad kimi yaşadıqdan sonra 2017-ci ildə Ukraynada rəsmi nikaha daxil olduq. Mən mütəmadi olaraq Azərbaycana gedib-gəlirdim. 2020-ci ildə Seymur adlı övladımız dünyaya gəldi. 2022-ci ilin əvvəllərində Rusiya-Ukrayna müharibəsi başlayanda Şahnazı və uşaqları Rusiyaya apardım".

İş üzrə zərərçəkmiş Şahnazın hüquqi varisi bildirib ki, hadisə vaxtı Tacikistanda olub:

"2023-cü il sentyabrın 23-də Şahnazın rəfiqəsi mənə zəng edərək Aydının onun üzərinə benzin töküb yandırdığını dedi və Rusiyaya gəlməyimi xahiş etdi. Sentyabrın 26-da ora getdim. Şahnaz sentyabrın 29-da aldığı xəsarətlərdən Moskva vilayətinin Podolsk Şəhər Xəstəxanasında vəfat etdi. Təqsirləndirilən şəxslə barışmıram, onu bağışlamıram".

Qeyd edək ki, Aydın bu ağır cinayəti törətdikdən sonra Rusiyanı tərk edərək Azərbaycana gəlib. 2023-cü il sentyabrın 27-də onun barəsində iki ay müddətinə qiyabi həbs qətimkan tədbiri seçilib və axtarışa verilib.

2024-cü il iyunun 10-da Aydın Azərbaycanın hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsi baxıb. Məhkəmənin hökmü ilə Aydın 18 il müddətinə azadlıqdan məhrum edilib və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilib. Şikayətlərdə cəzanın yüngülləşdirilməsi xahiş edilsə də, apellyasiya instansiyası tərəfindən təmin olunmayıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar