Musiqi məktəblərinə qəbul imtahanlarının nəticələri valideynlər arasında ciddi narazılıq yaradıb.
Bakupost.az xəbər verir ki, bu barədə Oxu.Az-a bir neçə valideynin şikayəti daxil olub.
Şikayətlərin hər birində bildirilib ki, övladları yüksək bal toplasalar da, ödənişsiz əsaslarla oxumaq hüququ əldə edə bilməyiblər.
"Övladım 100 baldan 97 toplayıb. Ödənişsiz ixtisas seçməyimizə baxmayaraq, ödənişliyə salıblar. Səbəbini isə izah edən yoxdur", - deyə valideynlərdən biri yazıb.
Digəri də qeyd edib ki, övladı 100 mümkün baldan 95 topladığı halda ödənişli ixtisasa qəbul olub:
"100 mümkün baldan 95 bal yığan uşaq niyə ödənişli təhsil almalıdır? Niyə musiqi təhsili 120 manat olmalıdır?"
Başqa bir valideyn isə yazıb: "Qızım 18.06.25 tarixində Mədəniyyət Nazirliyi tərəfindən musiqi məktəblərinə keçirilən imtahanda iştirak edib. Mümkün 100 baldan 95.33 bal toplayıb. Üç məktəb seçimi etmişik. Sentyabrın 6-da elan olunan nəticələrə görə, uşaq heç bir məktəbə qəbul ola bilməyib. Qızımın doqquz yaşı var və qəbul olunmadığına görə çox böyük stres keçirir. Hətta 98-99 bal toplayan uşaqlardan belə, ödənişli qəbula düşənlər var. Valideynlərin hamısı bu vəziyyətdən şikayətçidir, amma bizə aydın izahat verən yoxdur".
Oxu.Az-ın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, incəsənət məktəblərinə qəbul prosesi əvvəlcədən elan olunmuş qaydalar və kriteriyalar əsasında həyata keçirilib.
"Şagirdlərin yerləşdirilməsi zamanı yalnız topladığı bal deyil, həmçinin yaş həddi, ixtisas üzrə plan yerlərinin sayı və məktəbin tədris imkanları nəzərə alınıb.
Müraciətlərin sayı plan yerlərini dəfələrlə üstələdiyi üçün bütün yüksək nəticə göstərmiş namizədlərin dövlət sifarişli əsaslarla qəbul olunması mümkün olmayıb. Bu səbəbdən 80 və yuxarı bal toplamış, lakin dövlət sifarişli yerə düşməyən iştirakçılara ödənişli əsaslarla təhsil almaq imkanı yaradılıb.
Əlavə olaraq, istedadlı uşaqların inkişafı üçün kurs və dərnəklər fəaliyyət göstərir və hər il qəbul prosesi ənənəvi qaydada keçirilir.
Mədəniyyət Nazirliyi valideynlərin narahatlıqlarını diqqətlə nəzərə alır və incəsənət təhsilinin imkanlarının genişləndirilməsi istiqamətində işləri davam etdirir", - deyə məlumatda bildirilib.
Eyni zamanda, qeyd olunub ki, cari ildə təhsilalanların qəbulu ilk dəfə olaraq tam müsabiqə formatında və mərkəzləşdirilmiş qaydada həyata keçirilib. Qəbul prosesi müraciət, imtahan, ixtisas və məktəb seçimi, yerləşdirmə olmaqla bir neçə mərhələdən ibarət olub.
"İlkin mərhələdə valideynlər "MyCulture" vahid şəxsi kabineti üzərindən elektron qaydada imtahanda iştirak üçün müraciət ediblər, sonrakı mərhələdə mərkəzləşdirilmiş qaydada keçirilən əyani imtahan təşkil olunub və iştirakçılar seçdikləri istiqamət üzrə bilik və bacarıqlarını nümayiş etdiriblər.
İmtahan nəticəsində 50 və daha yuxarı bal toplamış namizədlər növbəti mərhələyə - ixtisas və məktəb seçiminə buraxılıblar. Bu mərhələdə hər bir namizədə üç ixtisas, hər ixtisas üzrə isə iki məktəb seçmək imkanı yaradılıb.
Keçid balları isə tamamilə müsabiqə prinsipi əsasında formalaşıb. Yəni dövlət sifarişi üzrə ayrılmış yerlərə daha çox müraciət olduqda ən yüksək nəticə göstərən namizədlər seçiliblər. Məsələn, hər hansı ixtisas və məktəb üzrə beş dövlət sifarişli yer mövcuddursa və oraya 50 nəfər müraciət edibsə, ən yüksək bal toplayan ilk beş nəfər qəbul edilib, həmin ixtisas üzrə keçid balı isə sonuncu qəbul olunan iştirakçının nəticəsinə əsasən müəyyənləşdirilib.
İxtisas və məktəb üzrə yerlərin məhdudluğu və daha yüksək nəticə göstərmiş namizədlərin mövcudluğu səbəbindən hətta 90 və daha çox bal toplamış namizədlər belə, bəzən seçdikləri yerlərdən kənarda qala biliblər. Bu, müsabiqə qaydalarının və ədalətli yerləşdirmə mexanizminin təbii nəticəsidir", - deyə məlumatda vurğulanıb.