Ru
13:20 / 16 İyul 2021

Nazim İbrahimov Rövşən Əkbərova qarşı ifadə verdi: "Qətl törədib"

3596
Qəsdən adam öldürməkdə təqsirləndirilən sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Bakupost.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində məhkəmənin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Təqsirləndirilən şəxsin vəkilləri vəsatət verərək, işdə olan kobud qanun pozuntuları səbəbindən cinayət işinin geri qaytarılmasını istəyiblər.

Daha sonra vəkillər cinayət işi üzrə şahid qismində dindirilən Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq rəhbəri Nazim İbrahimovun, Orucəli Hacıyevin və Məzahir Şıxaliyevin ifadələrinin sübutlar siyahısından çıxarılması ilə bağlı vəsatət veriblər.

Onlar qeyd ediblər ki, həmin şəxslər hadisə olan zaman ifadələrində hadisənin kim tərəfindən törədildiyini bilməsələr də, bu il istintaq zamanı Elçin Əliyevi Rövşən Ələkbərovun qətlə yetirdiyini deyiblər: "Bu səbəbdən onların ifadəsinin sübutlar siyahısından çıxarılmasını istəyirik".

Vəkillər Rövşən Əkbərovun barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı vəsatət veriblər.

Prosesdə zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Elçin Sadıqov Rövşən Əkbərova qarşı 1 milyon 220 min manat mülki iddia qaldırıb.

Məhkəmə müdafiə tərəfinin verdiyi vəsatətləri təmin etməyib.

Zərərçəkmiş şəxsin verdiyi mülki iddia məhkəmə icraatına qəbul edilib.

Məhkəmə baxışı iyulun 30-a təyin edilib.

Qeyd edək ki, Rövşən Əkbərovun barəsində olan cinayət işi üzrə Baş Prokurorluq tərəfindən aparılan istintaq yekunlaşdırılıb.

Aparılmış istintaqla Rövşən Əkbərovun 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra, saat 4 radələrində həmin kafenin yaxınlığında Elçin Əliyev ilə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə sonuncunun ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək Elçin Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Rövşən Əkbərova Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər