Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən baş vermiş döyüşdə şəhid olan əsgərimiz Çingiz Qurbanov fevralın 6-da Qusar şəhərindəki Şəhidlər Xiyabanında dəfn olunub.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Qusar Rayon İcra Hakimiyyətinin rəsmiləri, Milli Məclisin deputatları, şəhidin döyüş yoldaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Mərasimdə izdiham yaşanıb. Şəhidin cənazəsi torpağa tapşırıldıqdan sonra məzarı üstünə əklil və qərənfillər qoyulub.
Qeyd edək ki, Çingiz Qurbanov 2016-cı il dekabrın 29-da şəhid olub. Onun nəşi Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, aidiyyəti dövlət qurumları tərəfindən beynəlxalq təşkilatlarla aparılmış müntəzəm tədbirlər nəticəsində 2017-ci il fevralın 5-də qarşı tərəfdən alınıb.
***
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin səyi nəticəsində Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən təxribatının qarşısını alarkən 2016-cı ilin dekabr ayının 29-da şəhid olmuş əsgər Qurbanov Çingiz Salman oğlunun nəşi fevralın 5-də geri qaytarılıb.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Müdafiə Nazirliyi tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilmiş humanitar proses insidentsiz başa çatıb.
Məlumata görə, şəhidin nəşi bu gün Qusarın Şəhidlər Xiyabanında dəfn olunacaq.
Bakı Post