18:19 / 18 Oktyabr 2021

Nəsiminin icra başçısı məhkəmədə ifadə verdi

1431
Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş Aparat rəhbəri Rasim Quliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bakupost.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində "FF-2011" MTK-ın təsisçisi Tamella İbrahimova hakimin və Rasim Quliyevin suallarını cavablandırıb.

T. İbrahimova qeyd edib ki, sərəncama qədər Bakı şəhər İcra Hakimiyyətindən Dilarə Əliyeva küçəsində yerləşən ərazidə işlərin görülməsinə şifahi icazə alıb: "Sərəncam 2018-ci ildə verilsə də, mən 2012-ci ildən orada işlər aparmışam. Söküntünün pulunu mən versəm də, işlər Bakı şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirilib. Rasim Quliyevin sərəncamına qədər mən artıq 5 mərtəbə tikmişdim".

Rasim Quliyev bildirib ki, onun verdiyi sərəncam 2018-ci il oktyabrın 1-də Bakı şəhər İcra Hakimiyyətinin hazırkı başçısı Eldar Əzizov tərəfindən ləğv edilib.

Tamella İbrahimova qeyd edib ki, sərəncam ləğv olunsa da, tikinti işlərini davam etdirib: "Hətta mən gedib Eldar Əzizovla bu məsələ ilə bağlı görüşmüşəm. Biz işimizi davam etdirmişik. Pandemiya başlayanda işlərimiz dayandı".

Daha sonra prosesdə cinayət işinin bəzi sənədləri elan olunub.

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovun istintaqda verdiyi ifadə məhkəmədə elan olunub.

İcra başçısı ifadəsində deyib ki, Dilarə Əliyeva küçəsi 141 ünvanında söküntü ilə bağlı onlara müraciət edilməyib, yaxud onlarla hər hansı razılaşma olmayıb: "Həmin ərazi Nəsimi rayon İcra Hakimiyyətinin balansında deyildi".

Daha sonra Nəsimi rayon İcra Hakimiyyəti başçısının müavini Qurban İsmayılovun ibtidai istintaqa ifadəsi elan edilib. O da Asif Əsgərovla analoji ifadə verib.

Hakim iş üzrə sənədləri elan etməyə davam edib.

Sənədlərdə qeyd olunub ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsini müvəqqəti icra edən Rasim Quliyev tərəfindən 31 may 2018-ci ildə imzalanmış sərəncama əsasən, "FF-2011" MTK tərəfindən Dilarə Əliyeva küçəsi 145-də bina və ofis tikilməsinə icazə verilib.

Rasim Quliyev isə deyib ki, o, Bakı şəhər İcra Hakimiyyəti başçının müavini vəzifəsini icra etməyib: "Mən müavin vəzifəsini icra etməmişəm, müavinin səlahiyyətlərini müvəqqəti icra etmişəm. Müavin vəzifəsini icra etsəydim, mənimlə əmək müqaviləsi imzalanardı".

Proses oktyabrın 25-də davam etdiriləcək.

Qeyd edək ki, Baş prokurorluğun məlumatına görə, paytaxtın Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 141 ünvanında yerləşən yaşayış binalarının, habelə yerli əhəmiyyətli mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin sökülməsi və yeni yaşayış binalarının tikintisinə dair “FF-2011” Mənzil Tikinti Kooperativinə qanunsuz icazə verilməsi faktı ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmaqla istintaqı aparılır.

Aparılmış istintaqla Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsi üzrə səlkahiyyətlərinin icrası həvalə edilmiş BŞİH başçısının Aparat rəhbəri vəzifəsində işləmiş Quliyev Rasim Vaqif oğlunun təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs kimi qanunsuz üstünlük əldə etmək məqsədilə BŞİH başçısının Nəsimi rayonu ərazisində ofis və yaşayış binalarının tikilməsinə dair 31 may 2018-ci il tarixli 346 nömrəli sərəncamını şəxsən imzalamasına, bununla da sözügedən MTK-nın həmin ərazidə 1893-cü ildə inşa edilmiş yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin olmasını nəzərə almadan ayrı-ayrı fiziki şəxslərə məxsus olan mənzillərin, yaşayış və qeyri-yaşayış sahələrinin qanunsuz olaraq söküntüsünə başlamasına, habelə tikinti və söküntü işlərinin aparılmasının digər əsas şərtlərinin pozulmasına səbəb olmasına əsaslı şübhələr müəyyən olunub.

Qeyd edilənlər nəzərə alınmaqla, Rasim Quliyevə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314-2.3-cü (qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər