Bu gün səhər saatlarında Lənkəranda ikimərtəbəli yaşayış evində yanğın hadisəsi baş verib.
Bakupost.az “Qafqazinfo”nun məlumatına istinad edərək bildirir ki, hadisə rayonun Göyşaban kəndində kənd sakini Şamil Həsənağa oğlu Qurbanova məxsus 2 mərtəbəli, 8 otaqlı evdə qeydə alınıb.
Hadisə yerinə FHN-in Lənkəran Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb olunub. Yanğın qısa müddətdə söndürülüb, alovun evin digər hissələrinə keçməsinin qarşısı alınıb.
Ev sahibi bildirib ki, yanğın baş verən vaxt ailə üzvləri Bakı şəhərində olublar. Evə baxış zamanı bəzi əşyaların yoxa çıxdığı müəyyən edilib. Onun iddiasına görə, evə təxminən 30 min manatlıq maddi ziyan dəyib. Naməlum şəxslər əvvəlcə evə oğurluq məqsədilə daxil olub, mətbəxdə mürəbbə yeyiblər, daha sonra isə evi yandırıblar.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, faktla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır.