Sabah qadın voleybolçulardan ibarət “Turan” komandası Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Bolqarıstanın “Maritsa”sını qəbul edəcək.
"Bakupost" Football-plus"a istinadla xəbər verir ki, bu gün “Turan”ın prezidenti Həsən Zeynalov və baş məşqçisi Ziya Rəcəbov brifinqdə jurnalistlərin suallarını cavabladı.
Əvvəlcə klub prezidenti danışdı.
- Qrup mərhələsinə düşmək maliyyəyə nə dərəcədə təsir göstərəcək?
- Qrup mərhələsinə düşməyə görə bir ödəniş yoxdu. Əksinə, biz ödəniş etməliyik.
- Pul motivasiyası yoxdusa, qrup mərhələsinə düşmək “Turan”a nə verəcək?
- Bütün Avropa bizi tanıyacaq.
- Heyəti yetərli hesab edirsiz?
- Heyətimiz tam komplektləşdirilib.
- Motivasiyanı haradan alırsız? Futbolda çempion ola biləcəksizmi?
- Motivasiyanı azarkeşlərdən alırıq. Oyuna saxta biletlə gəlmək istəyənlər də var idi. Futbol Tovuzda daha populyardı. Futbolda düzgün yoldayıq. Bir gün bu səviyyədə çıxış edəcəyik.
- İki cəbhədə mübarizə aparmaq sizə maneə törətmiyəcək?
- Oyunçularımızın fiziki hazırlığı bizə mane törətmir. Əsas zədədən uzaq olmalıyıq.
- 16 il sonra qrup mərhələsində iştirak etməyin həyəcanı varmı? Voleybol Federasiyasının dəstək mesajlarını hiss edirsizmi?
- Hər kəs bizə dəstək verir. Oyundan bir gün öncə təşkilati məsələlərlə məşğul olduğum üçün həyəcan çox olmur. Oyun günü hər şey baş verir. İnşallah, Ziya müəllimlə bir yerdə uğurlu nəticələr əldə edərik.
Baş məşqçi ilə söhbət belə oldu.
- Qızlarda bir rahatlıq varmı?
- Heç bir rahatlıq olmayacaq. Bir dəfə bunu yaşadıq. Təcrübə baxımından çox yaxşıyıq. Səfərdə qalib gəldik. Saat fərqi çox önəmli rol oynayır. Qızlar çox yol qət etmişdi. Öz meydanımızda maksimum gücümüzü qoymalıyıq.
- Komandanın durumu necədi?
- Çox yaxşıdı. Bir zədəlimiz var, bir aya düzələcək. Hazırkı vəziyyət çox yaxşıdı. Alternativ variantlarımız var.
- Bolqarıstanda keçirilən oyunda Ayşəni meydanda görmədik. Ehtiyatda qalmasının səbəbi nə idi?
- Ayşən sona qədər mübarizə aparır. Taktiki məsələ ilə bağlı oldu.
- Rəqib komandanın oynamağa gəlmədiyini hiss etdik. Sanki məğlubiyyətlə barışıblar. Sizdə də bu hisslər varmı?
- Mən əksini fikirləşərdim. Rəqib səfərdə daha aqressiv çıxış edir. Onlar bizdən əvvəlki rəqiblə səfərdə daha yaxşı oynamışdılar. Onlar da uzun yol gəliblər. Biz Tovuza qayıtmadıq və Avropada qaldıq. Boyları bizim voleybolçulardan hündür idi.
- Rəqibin baş məşqçisi inamlı danışdı. İstədiklərinə nail ola bilərlər?
- Hər şey baş verə bilər. Əlimizdən gələni etməyə çalışacağıq. Hər bir halda onlar hazırdırlar.