Biz görmüşük ki, ailə daxilində adətən ev-əmlakı bölə bilmirlər, pul-qızıl davası olur, hətta antik əşyaların bölüşdürülməsində narazılıq ola bilər, amma Azərbaycanda partiyanı, ailəyə aid mandatı (bizdə belə “miras” da var) bölüşdürə bilməyən ailələr varmış.
Bakupost.az xəbər verir ki, bu sözləri ReAL Partiyasının sədri Natiq Cəfərli Ana Vətən Partiyasının qurultayında baş verənlərə reaksiyasında qeyd edib.
“Məmləkətdə proporsional seçki sisteminə keçməsək, bu "multfilm" bitməyəcək. Ancaq proporsional seçki sistemi ideoloji partiyaların yaranmasına, siyasi dəyərlər üzərinə inşa edilmiş təşkilatların formalaşmasına, ölkədə, maksimum, 6-8 partiyanın ayaqda qalmasına səbəb olacaq - normal olan da məhz budur”, - o bildirib.
Qeyd edək ki, Ana Vətən Partiyasının 25 oktyabrda keçirilən qurultayında qalmaqal yaşanıb. Belə ki, partiya sədrliyindən istefa verən Fəzail Ağamalı deputat qızı Günay Ağamalının sədrliyə namizədliyini irəli sürüb. Ancaq oğlu Elçin Ağamalı da namizəd olub və qurultay iştirakçılarının səsini qazanıb. Oğlunun sədr seçildiyini görən Fəzail Ağamalı qurultayda fasilə elan edib, daha sonra isə sədr postundan istefa vermədiyini bildirib.
Buna görə ata-oğul Ağamalılar arasında qalmaqal yaşanıb.
Asena,
BakuPost