“Azərbaycanın Ermənistanın Konstitusiyasını dəyişmək mövzusunu qaldırmasına baxmayaraq, vəziyyət belədir: 2024-cü ildə Ermənistan Konstitusiya Məhkəməsi qərar qəbul edib və bu, ən yüksək səviyyəli hüquqi qərardır, Ermənistan Konstitusiyası heç bir qonşu ölkəyə qarşı ərazi iddiaları irəli sürmür”.
Bakupost.az Teleqraf-a istinadla xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“Ən önəmlisi, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin mətnində bir çox maddələr var ki, tərəflərin bir-birinə qarşı ərazi iddialarının olmadığı və gələcəkdə belə iddialar irəli sürməyəcəklərini təsbit edir. Mən onu nəzərdə tuturam ki, sülh müqaviləsi artıq bütün mümkün və açıq mövzuları əhatə edir, yəni bizim vəziyyətimizdə sizin qeyd etdiyiniz kimi bir problem yoxdur. Sülh müqaviləsi bütün məsələləri həll edir.
Əslində, bütün bu məsələləri bağlamaq və həll etmək üçün sadəcə sülh müqaviləsini imzalamaq və təsdiqləmək kifayətdir. Bundan sonra müqavilə ən yüksək hüquqi qüvvəyə malik olacaq və başqa şərh imkanları olmayacaq”, - o bildirib.
Xatırladaq ki, Ermənistan Konstitusiyasında istinad edilən Müstəqillik Bəyannaməsində Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları yer alıb. Rəsmi Bakı sülh sazişinin imzalanması üçün müvafiq yanlışın aradan qaldırılmasını tələb edib. Ermənistanda Konstitusiya dəyişikliyinə dair referendum gələn il keçiriləcək. Hazırda Ermənistan Konstitusiya İslahatları Şurası yeni Konstitusiyanın mətnini hazırlayır. Ölkənin ədliyyə naziri Srbuhi Qalyan müvafiq istinadın çıxarılacağını istisna etməyib.