Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyaya müraciət edərək, Azərbaycan və Türkiyə sərhədlərinə çıxışı təmin edən dəmir yolu xətlərinin təcili bərpasını xahiş edib.
Bakupost.az Ermənistan mediasına istinadən xəbər verir ki, Nikol Paşiynan bu barədə jurnalistlərə açıqlama verib.
Paşinyanın sözlərinə görə, Rusiyadan Naxçıvan və Türkiyə sərhədindəki dəmiryolu xətlərinin tam şəkildə bərpa olunması istənilib.
Qeyd edək ki, Ermənistanın dəmir yolu sistemi 2008-ci ildə bağlanmış saziş əsasında “Rusiya Dəmir Yolları” ASC-nin törəməsi olan “Cənubi Qafqaz Dəmir Yolu” şirkəti tərəfindən idarə olunur.
Paşinyan bildirib ki, yaxın vaxtlarda Rusiya tərəfinə İcevan–Qazax dəmir yolu xəttinin də bərpası ilə bağlı oxşar müraciət edəcək. Onun sözlərinə görə, bu sahə də sürətli şəkildə yenidən qurulmalıdır.
Baş nazir, eyni zamanda, Azərbaycanı Naxçıvanla birləşdirməyi nəzərdə tutan “Beynəlxalq sülh və rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsi barədə də danışıb. Paşinyan qeyd edib ki, TRIPP Ermənistan–Azərbaycan layihəsidir və üçüncü tərəflərin iştirakı yalnız ikitərəfli formatda müzakirə oluna bilər.
Xatırladaq ki, avqust 8-də Vaşinqtonda Ermənistan və Azərbaycan arasında sülh və dövlətlərarası münasibətlərin qurulmasına dair saziş paraflanıb. Həmin gün Ermənistan, ABŞ və Azərbaycan liderləri TRIPP layihəsi üzrə əməkdaşlığı nəzərdə tutan birgə bəyannamə də imzalayıblar.
Cavid, BakuPost