Ru
13:32 / 09 Fevral 2026

Pezeşkianın dəstəkləyənlər həbs edildi – İranda islahatçılara qarşı repressiya başlandı

Pezeşkianın dəstəkləyənlər həbs edildi – İranda islahatçılara qarşı repressiya başlandı
Eye

İranda prezident Məsud Pezeşkianın hakimiyyətə gəlməsində mühüm rol oynamış İslahatçı Cəbhənin rəhbəri SEPAH tərəfindən həbs edilib. Bu addım son küçə etirazlarının necə idarə olunması ilə bağlı onsuz da mövcud olan gərginliyi daha da dərinləşdirib.

Bakupost.az “The Guardian”a istinadən xəbər verir ki, İran Xalq Partiyasının baş katibi və İslahatçı Cəbhənin rəhbəri Azar Mənsuri etirazçılar arasında baş verən ölümlərlə bağlı dərin kədərini ifadə etmiş, belə bir fəlakətin heç bir halda əsaslandırıla bilməyəcəyini bildirmişdi. O, açıq şəkildə ali lider Əli Xameneinin istefasını tələb etmişdi.



Hökumətdən kənarda qalan əsas islahatçı fiqurlara qarşı həlledici basqın kimi qiymətləndirilən bu əməliyyat çərçivəsində islahatçıların siyasi komitəsinin rəhbəri İbrahim Əsgərzadə və sabiq prezident Məhəmməd Hatəmi dövründə xarici işlər nazirinin müavini olmuş Möhsən Aminzadə də həbs edilib.

İslahatçı düşərgədə 27-yə yaxın fraksiyanı birləşdirən çətir təşkilat olan İslahatçı Cəbhənin azı iki digər tanınmış üzvünə isə polis bölmələrinə gəlmələri üçün çağırış vərəqəsi təqdim edilib. Bu addımlar təhlükəsizlik qüvvələrinin etirazlara müdaxiləsinin tənqid olunmasının qarşısını almağa yönəlmiş kimi qiymətləndirilir.

Tehran prokurorluğu saxlanılan şəxslərin terrorçuların piyada dəstələrinin fəaliyyətini əsaslandırmağa çalışdıqlarını iddia edib və onların ABŞ və İsraillə əlbir olduqlarını bildirib. Onlar həmçinin “milli birliyi hədəfə almaq”, “konstitusiyaya qarşı mövqe tutmaq”, “təslimi təbliğ etmək”, “siyasi qrupları təhrif etmək” və “gizli təxribat mexanizmləri yaratmaq”da ittiham olunublar.

Bu misilsiz basqını əsaslandıran Məhkəmə-Hakimiyyətinin rəhbəri Qulam Hüseyn Möhsini Ejei bildirib:

“İslam Respublikasına qarşı daxildən bəyanatlar verənlər sionist rejim və Amerika ilə eyni mövqedədir”.

O, bəyanat imzalayan şəxsləri zavallı və miskin adlandıraraq, onların hədələyib.

İslahatçıların rəhbəri Azar Mənsuri də ötən həftə həbsindən əvvəl yaydığı bəyanatda, “Bu əziz insanların qanının unudulmasına və həqiqətin toz içində itirilməsinə yol verməyəcəyik. Hüquqlarınızı tələb etmək və həqiqəti üzə çıxarmaq hamımızın insani borcudur. Bu torpağın gənclərini amansız və məsuliyyətsiz şəkildə torpağa və qana sürükləyənlərə qarşı dərin nifrət və qəzəbimizi bildiririk”, – yazmışdı.

O əlavə edib ki, heç bir güc, heç bir əsaslandırma və heç bir zaman bu böyük fəlakəti təmizləyə bilməz.

Onun saxlanılması, yeni və demokratik hökumətin qurulması üçün azad və şəffaf referendum tələb edən və 17 tanınmış fəal tərəfindən dəstəklənən bəyanatı imzalayan dörd iranlı insan hüquqları müdafiəçisinin həbsindən sonra baş verib. Əvvəlcə Vida Rəbbani, Abdulla Mömini və Mehdi Mahmudian saxlanılıb. Daha sonra bəyanatı imzalayanlardan daha biri – islahatçı baş nazir Mir-Hüseyn Musəvinin baş müşaviri olmuş Qorban Bəhzadian-Nejadın da həbs edildiyi məlum olub.

17 nəfərin bəyanatında deyilir:

“Qeyri-legitim sistemə qarşı cəsarətlə etiraz edən ədalət axtaran insanların kütləvi şəkildə qətlə yetirilməsi insanlığa qarşı törədilmiş təşkilatlanmış dövlət cinayətidir”.

Sənəddə mülki şəxslərə atəş açılması, yaralılara hücum və tibbi yardımın göstərilməməsi İranın təhlükəsizliyinə qarşı hərəkət və vətənə xəyanət kimi qiymətləndirilib.

Ayrı bir prosesdə Nobel Sülh Mükafatı laureatı Nərgiz Məhəmmədi, 59 gün əvvəl həbs edildikdən sonra, əlavə olaraq yeddi il həbs cəzasına məhkum edilib. O, bazar günü ilk dəfə vəkili Mustafa Nili ilə qısa müddətə danışa bilib və bildirib ki, xəstəxanaya köçürülsə də, müalicəsi tamamlanmadan yenidən həbsxanaya qaytarılıb.

Prezident Pezeşkian etirazlarla bağlı araşdırma komissiyası yaradıb. Lakin bu istintaqın SEPAH-ı tənqid edəcəyi ehtimal edilmir. Onun keçmiş tərəfdarlarının həbs edilməsi prezidentin əsas qərarverici mərkəzlər üzərində gücünün nə qədər təsirsiz olduğunu göstərir. Pezeşkian tərəfdarlarının həbsi ilə bağlı susqunluğunu davam etdirsə, bu təsir daha da aydınlaşacaq.

Cavid, BakuPost


Pezeşkianın dəstəkləyənlər həbs edildi – İranda islahatçılara qarşı repressiya başlandı
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar