Ru
15:28 / 02 Sentyabr 2021

Poliklinikalarda südverən anaların başına oyun açırlar – Biabırçı vaksinasiya qalmaqalı

23537
Körpənin yaşına görə südverən anaya sertifikat verilmir; TƏBİB, nazirlik “olar” deyir, həkimlərsə “olmaz”...

Avqustun 9-dan etibarən ölkədə istifadəsinə icazə verilən vaksinlərə qarşı əks göstərişləri olan şəxslərə “Əks göstəriş sertifikat”ının verilməsinə başlanılıb. Məlumata görə, bu sertifikatı hamilə qadınlar, südverən analar, vaksinə qarşı və ümumiyyətlə allergiya xəstəliyi olanlar ala bilərlər.



Bu kateqoriyalardan olan – südverən ana Könül Orucova Bakıda yerləşən 15 saylı poliklinikaya müraciət etsə də, “Əks göstəriş sertifikat”ını ala bilməyib:

“1 yaş yarımlıq qızımla birlikdə poliklinaya getdim. İlk öncə pediatr Səadət Abdullayevanın otağına yaxınlaşdım. Saat 9-dan tez olduğu üçün gözləməyimizi istədilər. Daha sonra baş həkimin müavini Aytən Səmədovanın yanına göndərdilər. Nə üçün gəldiyimi soruşdu. Bildirdim ki, süd verən analar üçün əks-göstəriş sertifikatı almağa gəlmişəm. Uşağın yaşını soruşdu, dedim 1 yaş yarım. Səbəbsiz yerə güldü... Və dedi ki, biz 1 yaşdan yuxarı uşaqların analarına sertifikat vermirik.

Daha sonra uşağın ana südü ilə qidalanmasından əmin olmaq üçün məni qızımla birlikdə pediatrın otağına apardılar. Uşağı əmizdirdim baxdılar. Dedilər ki, əmmək yetərli deyil, əlinizlə sağın görək süd gəlirmi? Dediklərini etdim, normal şəkildə süd gəldi. Hətta az sonra süd necə sürətlə çıxdısa, həkimin üstünə sıçradı və stolun üstündəki sənədləri də islatdı. Qane olmadılar ki, olmadılar. Yenə dedilər yox, süd azdır. Sənin südün fontan vurmalıdır. Heç cür razılığa gələ bilmədik.



Axırda baş həkim Rauf Mahmudovun otağına getdim. Baş həkim də uşağın yaşını soruşdu. Dedi ki, uşağa süd 1 yaşına kimi verilməlidir. Bir yaşından sonra süd vermək uşağa ziyandır. Dedim, necə yəni, baş həkim, nəyə ziyandır axı? Qeyd etdim ki, elə bir neçə gün bundan öncə ölkənin baş pediatrı Erkin Rəhimov açıqlamasına qeyd etdi ki, uşaqları 2 yaşına kimi ana südü ilə qidalandırın. Ana südünün uşaq üçün nə qədər faydalı olduğu hamımız bilirik axı.

R.Mahmudov qeyd etdi ki, 1 yaşdan sonra süd əmmək uşağın ağız quruluşuna ziyan vurur. Mənə dedi ki, get uşağı süddən kəs şirin çay ver, sənin verdiyin 10 qram südün ona heç bir xeyri yoxdur. Uşağa kaşa, şirinçay ver. Dedim, şirin çay uşağa ziyandır axı. Mənim qızım bir az şirin yeyən kimi üzündə, bədənində səpgilər yaradır. Dedi, onda kəmşirin elə ver. Baş həkimlə də heç cür razılığa gələ bilmədik. Bizə dedi ki, gedin özünüz xüsusi komissiyaya yaxınlaşın, biz sizə heç cürə arayış verə bilmərik. Dedim, bəs məndən öncəki günlərdə bir neçə nəfərə arayış vermisiniz, bu necə olur? Bütün verdiyim bu suallara bir məntiqli cavab gəlmədi...”.

Sözügedən hadisə ilə bağlı Səhiyyə Nazirliyindən Bakupost.az -ın sorğusuna cavab olaraq bildirilib ki, uşaq həkimi (pediatr) ananın həqiqətən də körpəsini ana südü ilə qidalandırdığına dair arayışı təqdim etdikdən sonra vətəndaş o arayışı sahə həkiminə verir və sahə həkimi də Səhiyyə Nazirliyində yaradılmış xüsusi komissiyaya təqdim edir: “Südəmər uşağın yaşıyla bağlı məhdudiyyət isə yoxdur”.



Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən qeyd olunub ki, “Əks göstəriş sertifikat”ı almaq üçün ərazi üzrə poliklinikalara müraciət edilməlidir:

“Poliklinika həmin şəxslərin məlumatlarını Səhiyyə Nazirliyi tərəfindən yaradılmış xüsusi komissiyaya təqdim edəcək. Komissiyanın rəyi əsasında vətəndaşa “Əks göstəriş sertifikat”ı veriləcək”.

Məsələ ilə əlaqədar 15 saylı poliklinika ilə əlaqə saxladıq.



Baş həkim Rauf Mahmudov yaranan problemə səbəb kimi yenə də südəmər uşağın yaşını əsas gətirdi:

“Poliklinikada qeydiyyatda olan ana pediatrın yanında uşağa süd verir, həkim onu gözü ilə görür, arayış yazır və möhürünü qoyur. Daha sonra vətəndaş həmin arayışı komissiyaya verir. Komissiya da onu xüsusi komissiyaya göndərir. Xüsusi komissiya da icazəyə baxır, qəbul edir.

Ümumiyyətlə, südəmər dövr 1 yaşa qədərdir. 1 yaşdan sonra ümumi süfrəyə keçir. 5-6 ayından uşağa ana südü ilə yanaşı başqa qidalar da verilir. Tək ana südü ilə inkişaf olmur axı... Təlimatda yazılıb ki, hamiləlik dövrü 38-39 həftədir. Südəmər dövr isə 1 yaşa qədərdir. 1 yaşdan sonra südəmər dövr sayılmır. Ehtimal var ki, bu səbəbdən komissiya onu qəbul etməyib. 5-6 aydan sonra uşaq ümumi süfrəyə keçir. Onsuz da ana südünün bir o qədər də keyfiyyəti yoxdur. 5-10 qram südü varsa, o demək deyil ki, o, övladını ana südü ilə qidalandırır”.

Aygün Nəbiyeva
BakuPost

Şərhlər
  • Növrəstə Yusifova

    Bu heyvabdan əmələ gələn və kimin südü ilə sağ böyüməmiş həkimlər vaksin vurmaq üçün min hoqqadan çıxırkar. Əzəldən bilirik ki, uşaq 3 yaşınacan ana südü ilə qidalanlr. Sertifikat vermək istəməyın TƏBİB-in və poliklinikalarda başdan xarab, savadsızları həkimlərin özü və nəsli vaksin vursunlar sonra milləti inandırsınlar.

  • elimardan

    Bu alçaqlar,pul istəyir!Fürsətdi düşüb əllərinə.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər