Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.
1. “Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin Əsasnaməsi” təsdiq edilsin (əlavə olunur).
2. “Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin strukturu” təsdiq edilsin (əlavə olunur).
3. Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin (bundan sonra – Agentlik) Aparatının işçilərinin say həddi 66 ştat vahidi, regional bölmələrinin işçilərinin say həddi 9 ştat vahidi müəyyən edilsin.
4. Agentliyin tabeliyində “Dövlət Ehtiyatlarının Saxlanılması Mərkəzi” (bundan sonra – Mərkəz) büdcə təşkilatı yaradılsın.
5. Müəyyən edilsin ki:
5.1. Mərkəz Agentlik tərəfindən yaradılan dövlət ehtiyatlarının saxlanılmasını həyata keçirir;
5.2. Mərkəzin işçilərinin say həddi 200 ştat vahididir.
6. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
6.1. iki ay müddətində:
6.1.1. aşağıdakıları müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin:
6.1.1.1. Agentliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısını;
6.1.1.2. Agentliyin Kollegiya üzvlərinin sayını və tərkibini;
6.1.1.3. Mərkəzin işçilərinin əməkhaqlarının (vəzifə maaşları, vəzifə maaşlarına əlavələr, mükafatlar və digər ödənişlər) məbləğlərini və əməyin ödənilməsi sistemini;
6.1.2. Agentlik tərəfindən yaradılan dövlət ehtiyatlarının saxlanılması və Mərkəzin cari fəaliyyətinin təşkili üçün zəruri olan aktivlərin Agentliyin balansından Mərkəzin balansına verilməsi ilə bağlı tədbirlər görülməsini təmin etsin;
6.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
7. Agentlik Mərkəzin əsasnaməsini və strukturunu bir ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
8. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:
8.1. Agentliyin və Mərkəzin fəaliyyətinin təşkili üçün tələb olunan vəsaiti hər il dövlət büdcəsinin layihəsində nəzərdə tutsun;
8.2. Mərkəzin 2026-cı ildə maliyyələşdirilməsini “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 292-VIIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 dekabr tarixli 564 nömrəli Fərmanının 1-ci hissəsinin 1.11.6.10-cu abzasında nəzərdə tutulmuş vəsait hesabına təmin etsin;
8.3. “Dövlət maliyyəsinin səmərəli idarə edilməsinin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 25 avqust tarixli 489 nömrəli Fərmanının 3.7-ci bəndinə uyğun olaraq, bu Fərmanın 4-cü hissəsində nəzərdə tutulan büdcə təşkilatının strukturunun və əməkhaqqı sisteminin maliyyə ekspertizasını həyata keçirsin və onların optimallaşdırılması üçün tədbirlər görsün.
9. “Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 10 fevral tarixli 1594 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 2, maddə 105 (Cild I); 2024, № 2, maddə 145) 1-ci və 2-ci hissələri ləğv edilsin.