Prezident İlham Əliyev bu gün Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsinin və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıların qəbulu zamanı bir daha məmurların fəaliyyəti ilə bağlı tapşırıqlarını verdi. Hazırda bölgələr ilə Bakı arasındakı iqtisadi balansın yaradılması əsas hədəflərdəndir. Dövlət başçısının qeyd etdiyi kimi, artıq bölgələrimizdə infrastrukturun formalaşması mərhələsi başa çatıb. İndi həmin infrastrukturun daha çox dəyər yaratması üçün bölgələrimizə sərmayələrin cəlbinin artırılması vacibdir.
Bakupost.az xəbər verir ki, bu barədə millət vəkili Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, regionlarda biznesin inkişafı həmçinin yeni iş yerlərinin yaradılması baxımdan da vacibdir:
“Hazırda iri sahibkarlıq subyektlərinin 80 faizə yaxını Bakı şəhərinin payına düşür. Orta sahibkarların 65.0 %-i, kiçik sahibkarlıq subyektlərinin 70,0%-i, mikro sahibkarlıq subyektlərinin isə 68,0%-i paytaxtda fəaliyyət göstərir. Bu isə ondan xəbər verir ki, bölgələrə sahibkarların cəlbi baxımdan yerli səviyyədə fəaliyyətlərin genişləndirilməsi daha da aktualdır.
Yeni təyinatlarda gözləntilər də məhz Azərbaycanda balanslı iqtisadiyyatın dəstəklənməsinə töhfənin artırılmasıdır. Bu, yeni iş yerlərinin yaradılmasına xidmət edəcək. Cənab Prezidentin qeyd etdiyi kimi, bölgələrdə məşğulluqla bağlı məsələlər əsas prioritetlərdən biridir. Yeni sərmayələr məhz bu prioritetə daha qısa zamanda çatmağa dəstək olacaq.
Son təyinatlar bir daha təsdiq etdi ki, Azərbaycanda institusional islahatlar dərinləşir. Kadr təyinatları isə islahatların dərinləşməsində əsas faktorlardan biri kimi çıxış edir”.
Asena,
BakuPost