Ru
15:30 / 25 İyun 2026

İlham Əliyev 6 fərman imzaladı

İlham Əliyev 6 fərman imzaladı
Eye

Prezident İlham Əliyev “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 26 may tarixli 414-VIIQD nömrəli Qanununun tətbiqi və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin təsdiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli 593 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.


Bakupost.az fərmanın mətnini təqdim edir:


1. Müəyyən edilsin ki:


1.1. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsində və 35-1-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;


1.2. həmin Qanunun 9.4-cü maddəsində və 35-1-ci maddəsinin ikinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur.


2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:


2.1. aşağıdakı normativ hüquqi aktları müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin:


2.1.1 iki ay müddətində “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsinə uyğun olaraq, gənclərin çağırışaqədərki hazırlığı haqqında əsasnaməni;


2.1.2. altı ay müddətində həmin Qanunun 35-1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, hərbi qulluqçuların şəxsi jetonla təmin edilməsi, həmçinin şəxsi jetonun təsviri, xüsusiyyətləri və uçotunun aparılması qaydasını;


2.2. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 26 may tarixli 414-VIIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.


3. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinə, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə, Azərbaycan Respublikasının Dövlət Mühafizə Xidmətinə, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə, Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə və Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin xidmətinə tapşırılsın və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilsin ki, jetonların hazırlanmasına tələb olunan vəsaitə dair təkliflərini müvafiq illərin dövlət büdcəsində nəzərdə tutulması üçün Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsinlər.


4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmanın 3-cü hissəsindən irəli gələn məsələləri həll etsin.


5. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin təsdiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli 593 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 2, maddə 82 (Cild I); 2024, № 4, maddələr 375, 397, № 5 (I kitab), maddə 529, № 12 (II kitab), maddələr 1366, 1383; 2025, № 1, maddə 35, № 4 (I kitab), maddələr 325, 338, № 6, maddə 549, № 8, maddə 773, № 12 (I kitab), maddə 1153; 2026, № 2, maddə 123) 5-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:


5.1. 5.1-ci bənddə “maddəsində (birinci halda)” sözləri “(birinci halda), 9.4-cü maddələrində” sözləri ilə əvəz olunsun və həmin bəndə “35.2-ci maddələrində,” sözlərindən sonra “35-1-ci maddəsinin ikinci cümləsində,” sözləri əlavə edilsin;


5.2. 5.2-1-ci bəndə birinci halda “(ikinci halda),” sözlərindən sonra “9.4-cü maddəsində,” sözləri, “15.3-cü” sözlərindən sonra “, 35-1-ci” sözləri əlavə edilsin.


***


Prezident İlham Əliyev “Maliyyə icarəsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 26 may tarixli 412-VIIQ nömrəli Qanununun tətbiqi barədə fərman imzalayıb.


Fərmanda deyilir:


1. Müəyyən edilsin ki:


1.1. “Maliyyə icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 16.16-cı maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;


1.2. həmin Qanunun 16.16-cı maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi nəzərdə tutulur.


2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:


2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının “Maliyyə icarəsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 26 may tarixli 412-VIIQ nömrəli Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini dörd ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;


2.2. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.


3. Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilsin ki:


3.1. aşağıdakı normativ xarakterli aktları altı ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin:


3.1.1. “Maliyyə icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 15.5-ci maddəsinin ikinci cümləsinə, 16.3.2-ci və 16.10.4-cü maddələrinə uyğun olaraq, maliyyə icarəsi fəaliyyətini həyata keçirən hüquqi şəxsin nizamnamə kapitalının (xarici hüquqi şəxsin yerli filialının nizamnamə kapitalına bərabər tutulmuş vəsaitlərinin) minimum məbləğini və formalaşdırılması, habelə öz vəsaitlərinin (xarici hüquqi şəxsin yerli filialının həmin vəsaitlərə bərabər tutulmuş vəsaitlərinin) hesablanması qaydasını, strukturunu və tərkibini;


3.1.2. həmin Qanunun 15.6-cı maddəsinin ikinci cümləsinə uyğun olaraq, aidiyyəti şəxslə (şəxslərlə) bağlanılan maliyyə icarəsi müqavilələrinin maksimum məbləğini və həmin şəxslərlə aparılan əməliyyatlara dair tələbləri;


3.1.3. həmin Qanunun 15.7-ci maddəsinə uyğun olaraq, icarəyə verənin bir icarəçi və ya bir-biri ilə əlaqədar icarəçilər qrupu üçün kredit risklərinin maksimum miqdarına dair tələbləri;


3.1.4. həmin Qanunun 15.9-cu maddəsinə uyğun olaraq, icarəyə verənlər tərəfindən hər bir icarəçi haqqında məlumatın mərkəzləşdirilmiş kredit reyestrinə verilməsi qaydasını;


3.1.5. həmin Qanunun 16.2.4-cü maddəsinə uyğun olaraq, iştirakçılar arasında münasibətlər və benefisiar mülkiyyətçilər, o cümlədən benefisiar mülkiyyətçilərin vətəndaş qüsursuzluğu haqqında məlumatın formasını;


3.1.6. həmin Qanunun 18.3-cü maddəsinə uyğun olaraq, maliyyə icarəsi fəaliyyətinə dair hesabatların (maliyyə hesabatları istisna olmaqla) formasını, məzmununu və təqdim edilməsi qaydasını;


3.2. həmin Qanundan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.


4. Bu Fərmanın 1-ci hissəsi “Maliyyə icarəsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 26 may tarixli 412-VIIQ nömrəli Qanunu ilə eyni gündə qüvvəyə minir.


***


Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 386 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.


Fərmanda deyilir:


1. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 386 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 609 (Cild I); 2024, № 7, maddə 790; 2025, № 6, maddə 542, № 8, maddə 746, № 11, maddə 1035; 2026, № 1, maddə 24) 3-cü hissəsində aşağıdakı dəyişikliklər edilsin:


1.1. 3.5-ci bənddə “, 150.1-ci (ikinci cümlədə) və 748-5-ci (daşınmaz əmlaka münasibətdə)” sözləri “və 150.1-ci (ikinci cümlədə)” sözləri ilə əvəz edilsin;


1.2. 3.13-cü bənd ləğv edilsin.


2. Bu Fərman “Maliyyə icarəsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 26 may tarixli 412-VIIQ nömrəli Qanunu ilə eyni gündə qüvvəyə minir.


***


Prezident İlham Əliyev “Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi” publik hüquqi şəxsin Nizamnaməsinin təsdiq edilməsi haqqında fərman imzalayıb.


Fərmanda deyilir:


1. “Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi” publik hüquqi şəxsin Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).


2. Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu Fərmandan irəli gələn məsələləri həll etsinlər.


***


Prezident İlham Əliyev “Əhalinin icbari tibbi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 19 mart tarixli 631 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.


Fərmanla bu linkdən tanış ola bilərsiniz.


***


Prezident İlham Əliyev “Yaşadıqları dövlətdən kənarda olarkən işçilərlə istehsalatda baş vermiş bədbəxt hadisələrin təhqiqatı qaydası haqqında” 1994-cü il 9 dekabr tarixli Sazişə dəyişikliklərin edilməsi haqqında Protokol”un təsdiq edilməsi barədə fərman imzalayıb.


Fərmanda deyilir:


1. 2025-ci il iyunun 5-də Düşənbə şəhərində Müstəqil Dövlətlər Birliyi Hökumət Başçıları Şurasının iclasında imzalanmış “Yaşadıqları dövlətdən kənarda olarkən işçilərlə istehsalatda baş vermiş bədbəxt hadisələrin təhqiqatı qaydası haqqında” 1994-cü il 9 dekabr tarixli Sazişə dəyişikliklərin edilməsi haqqında Protokol” təsdiq edilsin.


2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Protokol qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.


3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsinə bildiriş göndərsin.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar