Ru
14:13 / 08 İyul 2026

Pul tapa bilməyən sahibkarlara ŞAD XƏBƏR: Kreditə alternativ yaranır

Pul tapa bilməyən sahibkarlara ŞAD XƏBƏR: Kreditə alternativ yaranır
Eye

“İndiyə qədər çox adam pullarını yüksək gəlir vədləri ilə piramida sxemlərində itirib. Bunun əsas səbəblərindən biri isə kiçik məbləğlərlə qanuni və şəffaf investisiya imkanlarının məhdud olması idi”.


"Bakupost" xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov bildirib.


O qeyd edib ki, “Kraudfandinq haqqında” yeni qanun bu baxımdan mühüm yenilikdir.

İqtisadçı izah edib ki, “kraudfandinq” kütləvi maliyyələşmə deməkdir və yüzlərlə, hətta minlərlə insanın kiçik məbləğlərlə eyni biznes layihəsinə investisiya etməsini nəzərdə tutur:

"Məsələn, yeni texnologiya hazırlayan bir startapın 300 min manata ehtiyacı varsa, bunu bir nəfərdən deyil, 1000 nəfərin hər birindən 300 manat cəlb etməklə də əldə edə bilər”.

Onun sözlərinə görə, bu, dünyada uzun illərdir istifadə olunan və həcmi artıq 100 milyard ABŞ dollarını ötmüş maliyyələşmə modelidir:

“Azərbaycanda da belə hüquqi mexanizmin yaradılması bir neçə istiqamətdə müsbət nəticə verə bilər. Məsələn, kiçik də olsa bank kreditlərinə alternativ maliyyələşmə mənbəyi yaranacaq. Startaplar və kiçik sahibkarlar investor tapmaqda daha çox seçim əldə edəcəklər. Eyni zamanda kiçik yığımları olan vətəndaşlar üçün depozitdən başqa qanuni investisiya alternativi də yaranacaq. Beləliklə, onlar vəsaitlərini qanunla tənzimlənən platformalar vasitəsilə real biznes layihələrinə yönəldə biləcəklər.
Məlumat üçün deyim ki, dünyada kraudfandinq bazarının həcmi artıq 100 milyard dolları ötüb və bir çox ölkədə minlərlə startap məhz bu mexanizm vasitəsilə ilk kapitalını cəlb edib".

E.Əmirov vurğulayıb ki, kraudfandinq də risksiz deyil:

"Ümumiyyətlə, heç bir investisiya risksiz deyil və heç bir qanun uğurlu biznesə zəmanət vermir. Lakin yeni qanun AMB-yə kraudfandinq platformalarının fəaliyyətinə daha effektiv nəzarət etməyə imkan verəcək, investorların hüquqlarının qorunmasını gücləndirəcək".

İqtisadçı əlavə edib ki, əsas məsələ qanunun tətbiqidir:

"Əgər etibarlı platformalar formalaşarsa və investorların inamı qazanılarsa, kraudfandinq Azərbaycanda startapların və kiçik sahibkarlığın maliyyəyə çıxışında mühüm rol oynaya bilər”.

Lalə,
BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar