Azərbaycan Hava Yollarına məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı araşdırma aparan komissiya uçuş məlumatlarının qeydlərini açıqlayıb.
Bakupost.az Oxu.az-a istinadla xəbər verir ki, bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyi məlumat yayıb.
"Aralıq hesabatın hazırlanması zamanı komissiya faktiki məlumatların toplanması və təhlilini həyata keçirib, o cümlədən ekipaj, hava hərəkəti orqanlarının dispetçerləri və operatorun normativ aktları, uçuşun hazırlanması və yerinə yetirilməsi sənədləri, meteoroloji məlumat və texniki xidmət materialları barədə məlumatlar daxil edilib. Bort jurnalının və uçuşa aid digər sənədlərin surətləri alınıb", - məlumatda deyilir.
Qeyd olunur ki, bort qeydiyyatçıları ilə iş aparılıb: uçuş məlumatları qeydiyyatçısından (FDR) uçuş parametrləri çıxarılıb, müəyyən edilib və deşifrə olunub, həmçinin bort səs qeydiyyatçısının (CVR) deşifrəsi həyata keçirilib.
Komissiya aviasiya hadisəsi yerinin təfsilatlı baxışını həyata keçirib və hava gəmisinin konstruksiya elementlərinin məkanda vəziyyətini qeydə alıb. Foto və videoqeydiyyat aparılıb, aviasiya hadisəsi yerindən hava gəmisinin aqreqatlarının toplanması və daşınması həyata keçirilib.
Aviasiya hadisəsinin araşdırılması çərçivəsində aşağıdakı tədqiqatlar aparılıb:
- Aşkar edilmiş kənar metal əşyaların (xarici obyektlərin) kompleks (trasologiya, ballistik, partlayış texnikası və yanğın) ekspertizası.
Ekspertiza nəticələrinə görə, partlayıcı maddələrin izləri aşkar edilməyib. Tədqiqat üçün təqdim edilmiş üç oksigen balonunda partlayış izləri yoxdur. Hava gəmisinə dəymiş zədələrin döyüş başlığının zərərverici elementləri tərəfindən yaradıldığı ehtimal edilir, lakin onların mənsubiyyətini müəyyən etmək mümkün olmayıb;
- 2 nömrəli hidravlik sistemin borusunun bir hissəsinin trasologiya ekspertizası. Tədqiqat nəticəsində boruda zədələrin olduğu müəyyən edilib. Zədələrin yaranma mexanizmi bərk əşyalarla təmas nəticəsində metalın cırılmasıdır;
- Keçici zədələr dəmirəsaslı metal ərintilərindən (polad əsası) hazırlanmış metal fraqmentlər (xarici obyektlər) tərəfindən yaradıla bilər;
- "Honeywell International Inc" istehsalçı zavodun bazasında avionika modulu blokunda çıxarılmış mərkəzi texniki xidmət kompüterinin (Central Maintenance Computer) kasetinin tədqiqi. İstilik təsiri nəticəsində göstərilən kasetdən məlumatları çıxarmaq mümkün olmayıb. Məlumatların çıxarılması üçün "Honeywell International Inc" zavodu yaddaş kartı istehsalçısı "Delkin Devices Inc" şirkətinə müraciət etməyi tövsiyə edib. Hal-hazırda komissiya "Delkin Devices Inc" zavodunun bazasında tədqiqat aparılması ilə bağlı Amerika Birləşmiş Ştatlarının Səlahiyyətli nümayəndəsi ilə danışıqlar aparır;
- Avionika modul blokları №1 və №3-dən çıxarılmış Qlobal Mövqeləşdirmə Sisteminin (GPS1 və GPS2) kasetlərinin "CMC Electronics" zavodunun bazasında tədqiqi. İş tamamlanıb, təhlil aparılır.
Xatırladaq ki, dekabrın 25-də Aktau yaxınlığında Bakıdan Qroznıya uçan AZAL aviaşirkətinin təyyarəsi qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü daxil olmaqla 67 nəfər olub. Onlar Azərbaycan, Rusiya, Qazaxıstan və Qırğızıstan vətəndaşları olub. 29 nəfər sağ qalıb. Cari il yanvarın 7-də Braziliyada Aktau yaxınlığında qəzaya uğramış "Azerbaijan Airlines" təyyarəsinin qara qutularının açılmasının başa çatdığı məlum olub. Qeyd edilib ki, əldə edilən məlumat Qazaxıstana göndərilib. Fevralın 4-də Qazaxıstan Nəqliyyat Nazirliyi tərəfindən dərc edilmiş qəzanın araşdırılması üzrə ilkin hesabat ortaya çıxıb. Hesabatda hadisələrin xronologiyası və zədələrin fotoşəkilləri təqdim edilib.