İqlim dəyişiklikləri nəticəsində dünyada anomal hava şəraiti daha da kəskinləşir və bu prosesin gələcəkdə də davam edəcəyi gözlənilir. Azərbaycanda isə dekabr və yanvar aylarında müəyyən soyuqların, hətta əvvəlki illərlə müqayisədə daha sərt qış havasının müşahidə olunması mümkündür.
"Bakupost" xəbər verir ki, bunu “Yeni Sabah”a açıqlamasında ekoloq alim Sadiq Həsənov bildirib.
Onun sözlərinə görə, son dövrlər havanın temperaturunda kəskin dəyişikliklər müşahidə olunur. Temperaturun qısa müddətdə 24 dərəcəyədək yüksəlməsi, daha sonra isə yenidən aşağı düşməsi iqlim dəyişikliklərinin yaratdığı anomal hava şəraitinin göstəricisidir.
Ekspert qeyd edib ki, artıq bu cür hava hadisələrinə uyğunlaşmaq zərurətə çevrilib:
“İqlim dəyişib, kəskinləşib. Bu cür anomal hava şəraiti artıq davamlı xarakter alıb. Buna görə də iqlimə uyğunlaşmalıyıq. Çünki gələcəkdə də belə hadisələr baş verəcək”.
S.Həsənov beynəlxalq meteorologiya təşkilatlarının proqnozlarına da diqqət çəkib. O bildirib ki, həmin proqnozlara əsasən, qarşıdakı qış aylarında Avropa və Şimali Amerika qitələrində quraqlıq və kəskin soyuqlar gözlənilir. Bu proseslər Arktika zonasında buzlaqların əriməsinin sürətlənməsi ilə də əlaqələndirilir.
Ekoloq alimin fikrincə, dekabr və yanvar aylarında Azərbaycanda da soyuq hava şəraiti müşahidə oluna bilər. Belə ki, Avropa istiqamətindən hərəkət edən Arktik siklonlar Xəzər dənizinin şimal hissəsindən ölkə ərazisinə daxil olaraq havanın temperaturunun aşağı düşməsinə səbəb olur.
O qeyd edib ki, Qafqaz dağlarının coğrafi mövqeyi səbəbindən soyuq hava kütlələri əsasən Xəzər dənizi istiqamətindən Azərbaycana daxil olur. Proqnozlara görə, bu siklonların sayının artması qışın daha sərt keçməsi ehtimalını yüksəldir.
S.Həsənov əlavə edib ki, Azərbaycanın mülayim iqlim şəraitində yerləşməsi və cənub istiqamətindən gələn isti hava kütlələrinin şimaldan daxil olan soyuq hava ilə qarşılaşması temperaturun kəskin enməsinin qarşısını müəyyən qədər ala bilər.
Alim hesab edir ki, bu qış əvvəlki illərdən fərqli olaraq temperatur göstəricilərində müəyyən dəyişikliklər, o cümlədən mənfi temperaturun səviyyəsində fərqlər müşahidə oluna bilər.