Qızılın qiyməti artır bir aydır ki, yüksəlir. 2026-cı ilin iyulun 24-də qızılın bir troya unsiyasının qiyməti 4 min dollara düşdükdən sonra ötən müddətdə xeyli artıb. Hazırda qızılın dəyəri 4600 dollara çatıb.
Qızıl ABŞ İran münaqişəsi başlayandan sonra ucuzlaşmışdı. ABŞ maliyyə nazirinin açıqlamasına görə, ABŞ İrana hücum etməyəcək və daha çox iqtisadi cəhətdən təzyiq göstərəcək. Bu halda qızılın yaxın aylarda daha da bahalaşacağı proqnozları diqqət çəkir.
"Bakupost" "Sfera.az"a istinadla xəbər verir ki, iqtisadçı Asif İbrahimov qızılın son bahalaşmasını yalnız ABŞ-İran qarşıdurması ilə əlaqələndirməyin düzgün olmadığını bildirib.
Onun sözlərinə görə, ABŞ-nin İrana qarşı hərbi müdaxilədən daha çox iqtisadi və maliyyə təzyiq vasitələrinə üstünlük verməsi qlobal maliyyə bazarlarında əlavə risklər yaradır. Vaşinqtonun İrana qarşı iqtisadi təzyiq kampaniyasını gücləndirəcəyi ilə bağlı açıqlamalar da investorların diqqətindədir.
Qızılın dünya birjalarında əsasən dollarla qiymətləndirildiyini xatırladan A.İbrahimov deyib ki, dolların dəyərinin azalması digər valyutalara sahib investorlar üçün qızılı daha cəlbedici edir:
“Hazırkı qızıl rallisinin əsas səbəblərindən biri də ABŞ dollarının zəifləməsidir. Bununla yanaşı, ABŞ-nin artan dövlət borcu və fiskal dayanıqlılığı ilə bağlı narahatlıqlar da qiymətli metala əlavə dəstək verir. O cümlədən, qızılın yaxın aylarda 5 min dollar və ya daha yüksək səviyyəyə qalxması real ssenaridir”.
İqtisadçıya görə, bunun üçün üç əsas amilin eyni vaxtda davam etməsi vacibdir. Bunlar dolların zəifləməsi, ABŞ-da faiz dərəcələrinin aşağı salınacağı ilə bağlı gözləntilərin güclənməsi və geosiyasi-iqtisadi risklərin yüksək olaraq qalmasıdır.
İqtisadçı qızılın qiymətində qısamüddətli korreksiyanın mümkünlüyünü də istisna etməyib:
“Qiymətlərin 4 600-4 700 dollar diapazonuna çatmasından sonra müəyyən geri çəkilmə baş verə bilər. Belə korreksiyalar uzunmüddətli yüksəliş trendində normal hal hesab olunur və bu, əsas yüksəliş istiqamətinin başa çatması anlamına gəlmir”.
A.İbrahimovun fikrincə, ABŞ-İran münasibətlərində yaxın aylarda ciddi və davamlı siyasi razılaşmanın əldə olunması geosiyasi risklərin azalmasına və bununla da qızılın qiymətinə müəyyən təzyiq yaranmasına səbəb ola bilər.