Qış aylarında az havalandırılan evlərdə radon qazı toplanır. Ekspertlərin fikrincə, rəngsiz və qoxusuz olan radon siqaretdən sonra ağciyər xərçənginin ən önəmli səbəblərindən biridir.
Bakupost.az xəbər verir ki, soyuq hava səbəbindən pəncərələrin daha az açılması, radon qazının qapalı məkanlarda yığılmasına yol açır. Alimlər bildirir ki, xüsusilə zirzəmi qatlarda istifadə olunan otaq və ofislərin qış aylarında da müntəzəm havalandırılması vacibdir.
Havalandırılmayan zirzəmilərdə radon səviyyəsi, binanın quruluşuna görə, havalandırılan məkanlara nisbətən beş-dən on dəfə yüksək ola bilər. Başlıca səbəb bacalardır. İstilənən hava binada yuxarı qalxdıqca, binada az görünən bir aşağı təzyiq meydana gətirir. Bu, yer altından radonlu havanın binaya çəkilməsini asanlaşdırır və qaz nərdivan boşluqları, lift və ya baca kanalları vasitəsilə yuxarı mərtəbələrə qədər yayılır.
Enerji qənaəti üçün edilən izolyasiya işləri də problemi artıran faktorlardandır. Daha yaxşı izolyasiya olunmuş binalar xarici hava ilə daha az təmasda olur. Radonun sıxlığı bölgələrə görə böyük fərq göstərir. Dağlıq ərazilər, meşələrin bəzi hissələri yüksək radon səviyyələri olan bölgələrdəndir.
Radon torpaqdakı uran və radiumun təbii parçalanması zamanı yaranır. Qaz əsasən təməl çatlaqlarından, sızdıran borulardan və ya kabel kanallarından evə daxil olur. Parçalanmış məhsullar ağciyərdə toplanaraq alfa şüaları vasitəsilə hüceyrələrə zərər verir. Otaq havasındakı hər 100 Bq/m³ artım ağciyər xərçəngi riskini təxminən 16 faiz gücləndirir. Ekspertlər xəbərdarlıq edir ki, “otaq havasındakı radonun sıxlığı nə qədər yüksəkdirsə və bu mühitdə nə qədər uzun müddət qalınarsa, xərçəngə tutulma riski də bir o qədər artır. Xəstəliyin inkişafı isə adətən on illərlə davam edir.
Dünya Səhiyyə Təşkilatı iç məkanlar üçün 100 Bq/m³ referans dəyərini əsas götürür. Avropada isə məkan və iş yerləri üçün 300 Bq limiti tətbiq edilir: “Radon səviyyələri il ərzində ciddi dalğalanmalar göstərdiyi üçün sağlamlıq qiymətləndirmələrində illik orta göstərici əsas alınır.”
Avropa Birliyi üzrə hər il təxminən 20 min insan radona bağlı xərçəng səbəbindən həyatını itirir. Hadisələrin böyük hissəsi, siqaretlə radonun birlikdə təsiri nəticəsində meydana gəlir. Qaz baş ağrısı kimi ani simptomlara səbəb olmadığından uzun müddət fərq edilmədən nəfəs alınır.
Ekspertlər, müntəzəm havalandırma, zirzəmi qapılarının izolyasiyası və birinci mərtəbədəki çatlaqların bağlanmasını əsas qorunma tədbirləri hesab edir. Bəzi hallarda isə alt drenaj sistemləri və ya xüsusi havalandırma həlləri tətbiq edilir. Yeni binalarda və təmir işlərində qaz keçirməyən döşəmə plitələri və radon baryerləri qoruma təmin edilməlidir.
Radon aşağı səviyyədə olsa belə, müntəzəm havalandırmanın əhəmiyyəti qorunmalıdır. Çünki iç məkan havasında formaldehid, döşəmə örtüklərindən yayılan yumşaldıcılar və təmizlik məhsullarından çıxan kimyəvi birləşmələr kimi digər çirkləndiricilər tənəffüs sistemi üçün təhlükəlidir. Avropalılar vaxtlarının təxminən 90%-ni qapalı məkanlarda keçirir və gündə 10–20 m³ hava nəfəs alır, buna görə də iç məkan hava keyfiyyəti birbaşa sağlamlıq məsələsinə çevrilir.
Cavid, BakuPost