Beş illik səlahiyyət müddətini başa vuran Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədovun qardaş ölkədəki diplomatik fəaliyyəti başa çatıb.
“Bakupost” xəbər verir ki, bu münasibətlə qardaş ölkədə onun şərəfinə vida şam yeməyi təşkil olunub. Həmin tədbirdə Türkiyə Böyük Millət Məclisi və parlamentin Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım başda olmaqla, bir çox deputatlar da iştirak edib.
Şamil Ayrım və digər çıxışçılar Rəşad Məmmədova Türkiyədə olduğu müddətdə iki ölkə arasında sarsılmaz qardaşlığın möhkəmləndirilməsinə verdiyi dəyərli töhfələrə görə səmimi minnətdarlıqlarını bildirərək, Özbəkistanda səfir olaraq başlayacaq yeni vəzifəsində ona böyük uğurlar arzulayıblar.
Qeyd edək ki, Rəşad Məmmədov 2021-ci ilin iyulun 26-dan Azərbaycanın Türkiyədə Fövqəladə və Səlahiyyətli Səfiri vəzifəsində çalışıb.
Ona qədər isə tanınmış diplomat 2000-2001-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi MDB idarəsində attaşe, 2001-2006-cı illərdə Azərbaycanın Rusiya Federasiyasındakı Səfirliyində üçüncü katib, ikinci katib, 2006-2008-ci illərdə Xarici İşlər Nazirliyinin Konsulluq idarəsində Konsulluq Hüquq məsələləri şöbəsinin müdiri vəzifələrində işləyib.
Ardınca R. Məmmədov 2008-2010-cu illərdə Azərbaycanın Qazaxıstanın Aktau şəhərindəki Baş Konsulluğunda Baş Konsul vəzifəsini icra edib. Sonrakı 5 ildə isə Aktau şəhərinin Baş Konsulu olub.
O, 2015-2021-ci illərdə Azərbaycanın Qazaxıstanda Fövqəladə və Səlahiyyətli Səfiri vəzifəsinə təyin edilir.
2021-ci ildən bu günə qədər isə o, Azərbaycanın Ankaradakı səfiri vəzifəsində çalışıb. Bundan sonra, R. Məmmədov səfir kimi diplomatik fəaliyyətini Özbəkistanda davam etdirəcək.
2010-cu ildə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə ona Birinci dərəcəli Fövqəladə və Səlahiyyətli Elçi diplomatik rütbəsi, 2017-ci ildə isə Fövqəladə və Səlahiyyətli Səfir diplomatik rütbəsi verilib.
Rəşad Məmmədov Ankaradakı 5 illik səfirlik fəaliyyəti dövründə Azərbaycanla Türkiyə arasında dostluq, qardaşlıq əlaqələrinin möhkəmlənməsi və daha da inkişaf etməsinə mühüm töhfələr verib.
Onun xüsusilə də 2023-cü ilin fevralın 6-da Türkiyənin cənub-şərqində baş verən dəhşətli zəlzələ fonunda qardaş ölkəyə göstərdiyi dəstək, episentr ətrafı ərazilərdə yaşayan soydaşlarımızın təxliyyəsi istiqamətində gördüyü işlər təqdirəlayiqdir.
Rüfət Sultan,
BakuPost