Ermənistan hökuməti İspaniyanın "Periodista Digital" portalında Bakı, İrəvan və Vaşinqton arasında guya Zəngəzur dəhlizi ilə bağlı razılığın əldə olunmasına dair (sənəddə adı "Trampın körpüsü" kimi göstərilib) yayılan məqaləni qəti şəkildə təkzib edib və bunu "manipulyasiya xarakterli təbliğat" adlandırıb.
Bakupost.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin İnformasiya və İctimaiyyətlə Əlaqələr İdarəsinin bəyanatında bildirilir.
Bəyanatda qeyd olunur:
"Qeyd edilən məqalə əslində hibrid müharibənin və manipulyasiya təbliğatının növbəti təzahürüdür. Məqalənin dərc olunduğu "Periodista Digital" saytı saxta şəxslərdən istifadə etməyə və manipulyativ, əsassız məlumatların yayılmasına görə dəfələrlə tənqid olunub".
İdarə həmçinin vurğulayıb ki, sözügedən məqalənin gerçəkliklə heç bir əlaqəsi yoxdur. Mətbuat və ictimaiyyəti bu cür dezinformasiyaların yayılmasından çəkinməyə, yalnız rəsmi və etibarlı mənbələrdən istifadə etməyə çağırıb.
Qeyd edək ki, "Periodista Digital" nəşri iyulun 22-də Fransadakı erməni diasporundakı mənbəyə istinadla yazıb ki, razılaşdırılmış sənəd guya Ermənistanın Sünik vilayətindən keçəcək 42 kilometrlik nəqliyyat dəhlizinin yaradılmasını nəzərdə tutur.
Nəşrin iddiasına görə, dəhliz Amerikanın özəl şirkəti tərəfindən idarə olunacaq, o, təxminən 1 000 döyüşçüsünü mühafizəçi kimi yerləşdirəcək.