Rusiyada çalışan miqrantların, o cümlədən Azərbaycan vətəndaşlarının zorla Ukrayna ilə davam edən müharibəyə göndərildiyi barədə yeni məlumatlar ortaya çıxıb.
Bakupost.az APA-ya istinadən xəbər verir ki, son olaraq Azərbaycan vətəndaşı olan 20 nəfər Ukrayna ilə müharibəyə cəlb olunub.
Məlumatda bildirilir ki, 3-4 il əvvəl Rusiyaya tikinti sahəsində işləmək üçün gedən azərbaycanlılardan biri son illər müharibə zonasından kənarda, Donetsk ərazisində müxtəlif obyektlərin tikintisində çalışıb.
O, 13 dekabr 2025-ci ildə Azərbaycanda yaşayan qardaşına yazıb ki, tikintidə çalışan təxminən 250 nəfər işçi zorla avtobuslara mindirilib və Voronej vilayətində yerləşən 11097 saylı hərbi hissəyə - 362-ci alaya aparılıb.
Onların Ukraynaya - cəbhə xəttinə göndərilməsi planlaşdırılır.
Tikintidə ümumilikdə minə yaxın miqrant çalışıb. Onların arasında Azərbaycan, Özbəkistan, Qırğızıstan və Tacikistan vətəndaşları olub.
Azərbaycandan olan işçilərin sayı isə təxminən 20 nəfərdir.
Onların işlədiyi ərazi tam qapalı zona olub, ora giriş-çıxış sərbəst deyilmiş. Hətta işləməyə gedəndə belə 3-4 hərbi postdan keçirmişlər.
Məlumata görə, işçilər əvvəlcə yaşayış binaları və obyektlərin tikintisində çalışıb. Daha sonra isə onları qruplar halında naməlum istiqamətə aparıblar.
Birinci mərhələdə işçilərin yarısı, sonra qalanları aparılıb. Lakin hara apardıqlarını deməyiblər.
Sonradan dəqiqləşib ki, onları əvvəlcə Voronejə aparıblar, orada 1-2 gün saxladıqdan sonra isə hamısını Rostov vilayətində hərbi hissəyə köçürüblər. Müharibəyə getmək istəyib-istəmədikləri barədə heç kimdən heç nə soruşmayıblar. Onlar hərbi xidmətlə bağlı heç bir sənədə imza da atmayıblar.
Bununla belə, artıq onlara hərbi geyimlər paylanıb, hərbi hazırlıqlarına başlanılıb.
Hazırda həmin qrupda təxminən 20 azərbaycanlı var, onlar faktiki girov vəziyyətində Ukrayna ilə müharibəyə hazırlanırlar.
Məlumatda bildirilir ki, həmin azərbaycanlılara ailələri ilə çox nadir hallarda telefon əlaqəsi saxlamağa imkan verirlər.
O da vurğulanır ki, onların yaxınları məsələ ilə bağlı artıq Azərbaycanın Rusiyadakı səfirliyinə və digər aidiyyəti orqanlara müraciət edib.
Qeyd edək ki, Rusiyanın miqrantları müxtəlif yollarla Ukrayna müharibəsinə cəlb etməsi yeni məlumat deyil. Moskva müxtəlif şirnikləndirici vasitələr, aldadılma, hədə-qorxu və s. üsullarla miqrantları döyüş bölgəsinə göndərir.
Bəzi hallarda isə ayrı-ayrı ölkələrin vətəndaşları heç bir hərbi hazırlıq, təlim keçmədən ön cəbhəyə göndərilir. Rusiya-Ukrayna müharibəsində döyüşlərə cəlb olunmuş Azərbaycan vətəndaşlarının həlak olması, yaxud itkin düşməsi barədə məlumatlara tez-tez rast gəlinir. Rusiyanın iş dalınca, yaxud başqa məqsədlə bu ölkəyə üz tutmuş miqrantları Ukrayna ilə müharibəyə cəlb etməsi heç bir normaya sığmır. Miqrantların düşdüyü çətin vəziyyətindən istifadə edərək, onları birbaşa ölümə göndərməklə Rusiya insan haqlarına, miqrasiya qanunlarına heç bir əhəmiyyət vermədiyini bir daha ortaya qoyur.